"Azərbaycana qarşı düşünülməmiş addım atan qarşısında Türkiyəni də görəcək" - Sərdar Cəlaloğlu

17:58 6 Dekabr 2022

Türkiyə ilə Azərbaycan  birlikdə "Qardaş yumruq" adlı təlim keçirib. Siyasi ekspertlər təlimi  Azərbaycanla münasibətlərdə gərginlik yaradan dövlətlərə tutarlı cavab olaraq qiymətləndirib. Bəs görəsən, bu təlimlər İranın Azərbaycana qarşı təhdidlərinə son qoyacaqmı?

Bu haqda Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu bunun yetərli olmadığını vurğulayıb.

O qeyd edib ki, təkcə təlim şəklində cavab vermək yetərli deyil,  daha ciddi addımlar atılmalıdır: "Azərbaycanın və Türkiyənin təhlükəsizliyinin, müdafiəsinin qüvvətləndirilməsi baxımından addımlar atılmalıdır.  Amma bütünlükdə bu təlim Türkiyə ilə Azərbaycanın vahid orduya malik olduğunu, bu iki qardaş dövlətin  hərbi əməliyyatlarda  iştirak edəcəklərini işarə edir".

S.Cəlaloğlu vurğuladı ki, Türkiyə ordusu bəzi ordulardan sayca az olsada, qeyri-adiliyi ilə bir çoxlarından üstündür: " Bu ordunun qarşısında hər ordu dayana bilməz. Azərbaycan xalqının özünü təhlükəsiz hiss eləməsi, İran kimi dövlətlərdən narahat olmamasında bu təlimlərin rolu var. İranın özünə də ciddi bir siqnaldır ki, Azərbaycana qarşı düşünülməmiş bir addım atsa, qarşısında həmçinin Türkiyəni də görəcək".

Hülya Mirzəyeva,

Sitat.info



Xəbər xətti