“Vasif Talıbov ərizəsində yazıb ki, mən gedirəm, bəlkə qayıtmadım”

21:45 8 Dekabr 2022

"Gərək, Azərbaycan dövləti Vasif Talıbovun bu qədər ciddi problemlər yaradacağını öncədən görəydi. Bu ölkənin hökuməti, qanunverici orqanı, Prezident Administrasiyası var. Əgər yerlərdən kifayət qədər ciddi siqnallar gəlirsə və bunu Prezident Administrasiyasının ümumi şöbə müdiri yuxarılara ötürmürsə, eləcə də bundan biznes qurursa, bu, çox ciddi bir problemdir".

SİTAT.İNFO yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Eks millət vəkili Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa ərizəsini yazmasıyla bağlı mediada dolaşan xəbərlərə, habelə Naxçıvanda baş verən proseslərin yekunda nə ilə nəticələnəcəyi barədə səslənən ehtimallara münasibət bildirib.

C. Nuriyevə görə, bu problemlər tək Naxçıvanla deyil, o cümlədən Azərbaycanın digər rayonlarında da var:

"İcra başçılarının hər biri "monster"a çevrilib. Çox təəssüf ki, bu "monster" problemi də vaxtında həll olunmayıb.

Vasif Talıbov məsələsinin də bu boyda "şişməsində" günahkar təbii ki, onun yanındakı adamlardır. Yadınızdadırsa, DTX-nın əməliyyatından sonra Naxçıvan gömrüyündə 132, Maliyyə Nazirliyində isə 166 milyon manat yeyinti ortaya çıxıb. Bunu nə gömrüyün şöbə müdiri, nə də maliyyə naziri təkbaşına edə bilməz. Bu, birmənalı şəkildə Naxçıvan rəhbərliyi ilə bağlıdır. Ümumiyyətlə, qanunvericiliyə qalsa, Naxçıvan Ali Məclisi də bu məsələdə məsuliyyət daşıyır. Bildiyiniz kimi, Naxçıvan Ali Məclisi qanunverici orqan kimi Milli Məclisə tabedir".
Ətraflı

Bu günə qədər bu məsələ müzakirə olunmamışdı deyən müsahibimiz əlavə edib:

"Ancaq jurnalistlər səviyyəsində bu məsələlər müzakirə mövzusu idi. İndi isə maşallah, deputatlarımızın hamısı şiri nər olub. Biri deyir, Vasif Talıbov belə etdi, o biri deyir, əmlakı alınmalıdır, bu biri deyir, həbs olunmalıdır və s. Yaxşı, siz o vaxtı Vasifi görəndə ona yaltaqlanırdınız e, niyə onda biriniz demirdi ki, ay Vasif, sən bu şeyləri səhv edirsən? Bizim millətdə ən pis şey odur ki, yıxılanı baltalayırlar".

"Onsuz da Vasif Talıbovdan Naxçıvan camaatın özü belə narazıdır. Çünki Vasifin özü orada "monster" idi, özü üçün bir "dövlət" yaradıb. Hətta naxçıvanlılar zarafatla deyir ki, oğlu Seymur o vaxtı deyirmiş ki, "utanmırlar, atamın torpağında yaşayırlar, amma atamın üzünə ağ olurlar". Yəni Vasif Talıbov bu dərəcədə "şişmişdi". İndi onun haqqında nə deyirlərsə-desinlər, amma mənim məlumatıma görə, Vasif Talıbov istefa ərizəsində deyib ki, mən gedirəm məzuniyyətə, bəlkə qayıtmadım. Bunun yaxın ətrafından aldığım məlumat budur. Hələlik o, məzuniyyətə gedir və ondan sonra ola bilər ki, istefa belə versin. Bu proses ən azı fevral ayına qədər davam edə bilər", - "Xan"ın istefasından söz açan həmsöhbətimiz qeyd edib.

Mütəxəssisin fikrincə, V. Talıbov istefa verəcəyi təqdirdə onun yerinə kimin gəlməsi məsələsi də çox maraqlıdır:

"Çünki Azərbaycanda Vasif Talıbovu Vasif Talıbov edən bir neçə dövlət məmurları var ki, onlar da bu işdə məsuliyyət daşıyırlar. Tək onun günahı deyil ki? Bilirsiniz, insan yerində olmayanda çaşır. Məsələn, Akademiyanın Prezidenti İsa Həbibbəyli, yaxud digərləri. Mənim Vasif Talıbovla heç bir problemim olmayıb, lakin onu görəndə adamı o qədər tərifləyirdilər ki, kim olsa, çaşar. Açığı mən onu bu məsələdə qınamıram, əksinə, onu bu vəziyyətə gətirənlər günahkardır. Adam çaşdı ki, əgər bu boyda deputatlar, alimlər, ziyalılar məni belə tərifləyirsə, deməli, mən həqiqətən qeyri-adi adamam".

Milli Məclisin keçmiş üzvü iddia edib ki, bu məsələlərdə aranı Ramiz Mehdiyev qarışdırıb:

"Ramiz Mehdiyevin özü getdi aranı qarışdırdı, hamı da düşdü Vasif Talıbovun üstünə. Bütün bu bəlanın başında Ramiz Mehdiyev durur. Çünki o getdi və onu əmin etdi ki, "səndən Prezident olar". Adam da çaşdı da... Mən də olsam, mən də çaşaram; kim olsa, çaşar. Bunlar da adamı qızışdırıb, evini yıxdılar. İndi də hamısı başlayıblar elə danışmağa ki, elə bil Vasifi görəndə, sözümə görə üzr istəyirəm, amma quyruğu bükülmüş tulalar kimi duran bunlar deyildi. İndi deputatların hamısı olub qəhrəman. Adə, qoymayın, Vasif Talıbov cinayətkardır, nə bilim, nə. Ən böyük cinayətkar elə, nə isə, başını buraxın..."



Xəbər xətti