Prokuror Kəlbəcərdə yolları minalayan ermənilərə cəza istədi

15:45 28 Fevral 2022

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsində Kəlbəcərdə terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

SİTAT.İNFO AzVision.az -a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəm istintaqı yekunlaşıb. Dövlət ittihamçısı İşxan Sarqsyanın 20 il, Vladimir Rafaelyanın isə 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Hər iki şəxsə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan edilib.



Xəbər xətti