"Səhər saat 9-da Laçın dəhlizini bağladıq. Vətəndaş fəalları və jurnalistlərlə birgə aksiya keçiririk. Tələbimiz bəllidir, Azərbaycanın ərazilərində aparılan qanunsuz qazıntı işləri və yataqların qanunsuz istismarı ilə bağlı monitorinqlərin aparılmasına şərait yaradılsın, bu istismara son qoyulsun. İki həftədir ki, sülhməramlılar erməni hərbi birləşmələri ilə əlbir olaraq buna imkan vermirlər. Digər tələbimiz Laçın dəhlizindən son vaxtlar daha da intensivləşən qanunsuz yüklərin daşınması prosesinin qarşısının alınmasıdır. Bu tələblərlə bağlı müzakirə aparmaq və öhdəliklərinə əməl etməsini söyləmək üçün Volkovu vətəndaş fəalları görüşə çağırdı".
Bu sözləri Sitat.info-ya açıqlamasında Şuşada hazırda da davam edən aksiyanın iştirakçısı vətəndaş cəmiyyəti fəalı, jurnalist Elşad Məmmədli deyib.
Zamex.az -da yeni fürsətlər...
O vurğulayıb ki, tələbləri qəbul olunana qədər aksiyanı davam etdirəcəklər: "Artıq çadırlarımız qurulub. Ümumi qərarımız bundan oibarətdir ki, geriyə bir addım da çəkilmək yoxdur. Volkovun gəlişi öz yerində, amma tələblərimiz həllini tapmayana qədər neçə gün keçsə də, buradan tərpənməyəcəyik. Artıq axşam düşür, çox şaxta var. Gündüz -3 dərəcəyə qədər şaxta var idi, indi artıq mənfi 7 dərəcəyə qədər havanın temperaturu düşüb. Dünən axşamdan buradayıq, ilkin Hazırlıq prosesin aparmışdıq. 7 saatdan artıqdır yolu kəsib dayanmışıq, bir nəfər də yerindən tərpənmir. Sülhməramlı postunun üzərinə Azərbaycan bayraqları ucaldıldı. Gecə hansısa təxribatlar olarsa, onu görə bilək deyə postun üzərinə işıq da çəkildi. Bu məsələlər öz həllini tapamayana qədər geri çəkilməyəcəyik. Bir həftə də burada qala bilərik, aksiyanın nə zaman yekunlaşacağı bəlli deyil".
E.Məmmədli sülhməramlıların hərəkətlərini də qiymətləndirib: "Sülhməramlıların aqressiv davranışları olur, aksiyaçıları itələyirlər. Ancaq vətəndaş cəmiyyəti fəalları onların üzərinə getdikdə sakitləşirlər. Sadəcə öz yerlərində dayanıblar, hansısa hərəkətlilik yoxdur. İlk olaraq biz dəhlizi bağlayanda hücum etdilər, ancaq mane ola bilmədilər. Ondan sonra hansısa aqressiv davranış nümayiş etdirməyiblər. Allah xalqımıza, dövlətimizə yardımçı olsun. Bu haqq işimizdə sona qədər israrlıyıq".
Nərgiz,
Sitat.info