Gəncə şəhərində tanışlar arasında borca görə baş verən dava faciə ilə nəticələnib.
SİTAT.İNFO Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında olub.
Kütləvi davada 42 yaşlı Daşkəsən şəhər sakini, ingilis dili müəllimi Əli Bayramov odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Onun 22 yaşlı oğlu Ayxan Bayramov, həmçinin onların dalaşdığı 28 yaşlı Niyazi Bayramov və 36 yaşlı Kamal Bayramov qardaşları isə bıçaq xəsarətləri alıblar.
Dalaşan tərəflərin yaxınları deyirlər ki, uzun müddətdir davam edən borc qalmaqalına görə əvvəllər də mübahisələr olurmuş.
Ağır bıçaq yaraları ilə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına yerləşdirilən Niyazi və Kamal Bayramov qardaşları dərhal əməliyyat ediliblər.
Həkimlərin səyinə baxmayaraq gecə saatlarında Niyazi Bayramov xəstəxanada ölüb. Hadisədən sonra dava edən tərəflərin yaxınları arasında tibb məntəqəsində mübahisə yaranıb. Polisin müdaxiləsi ilə ara sakitləşib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.