BMT Baş katibi: "Kiyev hər tərəfdən mühasirəyə alınıb"

20:30 28 Fevral 2022

 

Ukraynada döyüşlər dayanmalıdır.

APA-nın xəbərinə görə, bunu BMT Baş katibi Antoniu Quterreş təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında deyib.

O bildirib ki, döyüşlər bütün Ukrayna ərazisində - havada, quruda və dənizdə davam edir. “Rusiya raketləri və bombardmanlar gecə-gündüz Ukrayna şəhərlərini vurur. Paytaxt Kiyev hər tərəfdən mühasirəyə alınıb. Davam edən hücumlara görə Kiyevin 3 milyon sakini evlərində, sığınacaqlarda, şəhərin metrostansiyalarında təhlükəsizlik axtarışına məcbur ediliblər. Ukrayna hökuməti ölkənin müdafiəsində iştirak etməsi məqsədi ilə əhaliyə önəmli miqdarda silah paylayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının məlumatına görə yarım milyon ukraynalı ölkə sərhədlərini tərk edib”.

Baş katib qeyd edib ki, Rusiyanın əsasən Ukraynadakı hərbi obyektləri hədəf götürmələrinə dair xəbərlərə baxmayaraq, yaşayış binalarının, kritik mülki infrastrukturun və qeyri-hərbi hədəflər ağır zədə almasına dair etibarlı məlumat var.

“Uşaqlar da daxil olmaqla mülki şəxslərin ölməsi ilə nəticələnən bu zorakılığın artması tamamilə qəbuledilməzdir”, -. Quterreş vurğulayıb.



Xəbər xətti