Sülhməramlı kontingentin sayını artırmaq lazımdır.
Sitat.info erməni mediasına istinadən xəbər verir ki, Xankəndi yerləşən qondarma qurumun "xarici işlər naziri" David Babayan bu barədə İrəvanda keçirilən mətbuat konfransında bildirib.
"1980 sülhməramlı kifayət deyil. İkincisi, biz sülhməramlılara beynəlxalq mandat verilməsini təklif etdik, daha yaxşı olar ki, BMT Təhlükəsizlik Şurasından mandat verilsin. Bu, beynəlxalq legitimlik verəcək və belə təxribatların qarşısını almağa imkan verəcək. İndi sülhməramlıların Kosovoda və digər yerlərdə olduğu kimi sülhü təmin etmək səlahiyyəti yoxdur. Beynəlxalq mandat missiyaya yeni keyfiyyət verəcək və o zaman vəziyyət daha stabil olacaq. 9 noyabr 2020-ci il tarixli beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulub”, - deyə Babayan bildirib.
“Rusiyanın sülhməramlı missiyası olmadan Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunmayacaq”, - Babayan vurğulayıb.
"Bütün yollar Azərbaycan ərazisindən keçir. Sülhməramlıların yerində olsan, nə edəcəksən? Ona görə mandatı uzatmaq, sülhməramlıların sayını artırmaq və onlara beynəlxalq mandat vermək lazımdır”, - deyə Babayan vurğulayıb.
Babayan deyib ki, onların güc tətbiq etmək səlahiyyətləri yoxdur, kiçik görünən bu məsələ belə dövlət səviyyəsində həll olunur: “Bəzilərinə kiçik görünə bilər, amma bizim üçün bu, ölüm-dirim məsələsidir”.
Qeyd edək ki, artıq əksər erməni rəsmiləri tərəfindən oxşar fikirlər səsləndirilir, lakin Azərbaycan tərəfi heç bir halda Babayanın xam xəyallarının həyata keçməsinə imkan verməz.
Nərgiz,
SİTAT.İNFO