Separatçılar Azərbaycanla Rusiyanın üz-üzə gəlməsində maraqlıdır" - Elxan Şahinoğlu

17:56 13 Dekabr 2022

"Əgər monitorinq keçirilməsinə icazə versələr, gərginlik oradan qaldırıla bilər. Volkovun hələ də aksiya  iştirakçılarının qarşısına çıxmaması da o deməkdir ki, Moskva hələ qərar verməyib. Moskva düşünür ki, hansı qərarı versin. Putin  də anlayır ki, qəliz situasiyadır. Ona görə dünən tələsik Azərbaycan prezidentinə zəng etdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Qarabağdakı son prosesləri dəyərləndirərkən deyib. 

O vurğulayıb ki, Putin açıq-aşkardır ki, Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etməsini istəmir: " Ancaq bu aksiya onu düşünməyə vadar edib ki, sən Azərbaycanla qarşıdurmaya hazırsanmı? Axı sözdə sən Azərbaycanı dost, tərəfdaş, müttəfiq adlandırırsan. Bu necə müttəfiqlikdir ki, sən ekoloqlarımıza yataqlarımızda monitorinq aparmağa icazə vermirsən". 

Politoloqun sözlərinə görə, separatçılar da hazır qorxurlar: "Roben Vardanyan anlayır ki, əgər bizim ictimai fəallara qarşı hansısa təxribat törədilsə, bunun cavabı çox sərt olacaq. Ancaq separatçılar Azərbaycanla Rusiyanın üz-üzə gəlməsində də maraqlıdır. Çox istəyərlər ki, hansısa başıpozuq rus hərbçi avtomatla təxribat törətsin. Separatçılar bunda maraqlıdır. Ona görə aksiyaçılarımız tələblərini səsləndirməklə yanaşı həm də ehtiyatlı olmalıdırlar". 

Sevinc Cavadzadə,

Sitat.info



Xəbər xətti