Kəlbəcərdə mina partlayışında şəhid olan hərbçinin adı məlum olub.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.
***20:28
Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub
SİTAT.İNFO xəbər verir ki, bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.
Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
***19:55
Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.
Oxu.Az-ın məlumatına görə, minaya düşən hərbçilərdən biri şəhid olub.
***19:39
Kəlbəcərdə mina partlaması nəticəsində bir nəfər ölüb.
APA xəbər verir ki, baş verən partlayışda üç nəfər isə xəsarət alıb.
***19:06
Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.
Bu barədə SİTAT.İNFO-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.