2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatandan sonra bölgədə yeni status-kvo yarandı. 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarının hərbi yolla azad edilməsi beynəlxalq münasibətlər sistemində ölkəmiz üçün heç bir problem yaratmadı. Əksinə, Azərbaycanın beynəlxalq hüququn prinsiplərindən çıxış edərək, öz torpaqlarını dünyada tanınmayan separatçı rejimin idarəçiliyindən xilas etməsi müsbət hal kimi qarşılandı.
Sitat.info bildirir ki, postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq işləri geniş vüsət alıb.
Azərbaycan müharibənin yaralarını sarmaqla yanaşı, bölgədə infrastrukturu yeniləyir, işğal nəticəsində yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin geri qayıtması üçün zəmin hazırlayır. Amma bu prosesi tormozlayan, bölgədə sülhün əbədi olmasına maneçilik törədən faktorlar da var. Sözsüz ki, burada dünyanın heç bir dövləti tərəfindən tanınmayan, öz fəaliyyətini terror, qorxu, təzyiq üzərində qurmuş qatı cinayətkar Araik Arutyunyanın rəhbərlik etdiyi qondarma “respublika”nın varlığı ciddi problem yaradır.
Məlum olduğu kimi, 44 günlük Vətən Müharibəsindən sonra üçtərəfli sazişə uyğun olaraq, Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilib. Burada əsas məqsəd Azərbaycan vətəndaşı olan dinc ermənilərin gediş-gəlişini təmin etmək və separatçı rejimin cinayətkar hərbi birləşmələrinin yeni silah-sursatla təmin olunmasının qarşısını almaq olmuşdur. Azərbaycan tərəfinin xoşniyyətli davranışlarına rəğmən, Rusiya sülhməramlıları öz missiyalarını layiqincə yerinə yetirə bilmirlər. Bununla bağlı rəsmi Bakı tərəfindən dəfələrlə Moskvaya xəbərdarlıq olunmuş, sülhməramlıların Qarabağın ermənilər yaşayan ərazilərinə silah daşınmasının qarşısının alınmasını diqqətə çatdırılmışdır.
Təəssüf ki, rus sülhməramlıları ermənipərəst mövqedən çıxış edərək, uzun müddət ərzində İrəvandan Xankəndiyə silah-sursatın daşınmasına göz yumublar. Bunun nəticəsində də Qarabağın ermənilər yaşayan ərazilərində mövcud olan separatçı rejimin cinayətkar birləşəmələrinin qalıqlarını ləğv etmək mümkün olmamışdı. Hazırda qanunsuz fəaliyyət göstərən həmin hərbi birləşmələr Azərbaycanın suverenliyini təhdid etməklə yanaşı, bölgədə xidmət edən silahlı qüvvələrimiz üçün də ciddi təhlükə mənbəyinə çevrilib. Bunun nəticəsidir ki, son vaxtlar Azərbaycan Ordusunun Qarabağda xidmət edən hərbi birləşmələri separaçtı rejimin cinayətkar dəstələri tərəfindən mütəmadi atəşə tutulur.
Rusiya sülhməramlılarının laqeyd, biganə münasibəti, separatçı rejimin həddini aşan davranışları Azərbaycan cəmiyyətində ikrah hissi oyadıb. Artıq bir neçə gündür ki, Azərbaycanın ictimaiyyət nümayəndələri təbii sərvətlərimizin tala edilməsinə etiraz əlaməti olaraq, Şuşa-Xankəndi yoluna aksiya keçirir. Rusiya sülhməramlılarının Qarabağdakı hərbi kontingentinin komandanı general-mayor Andrey Volkovla görüş tələb edən aksiya iştirakçılarının başlıca tələbi təbii sərvətlərimizin talan edilməsinin qarşısının alınması, Qarabağda ermənilərin yaşadığı ərazilərdə Azərbaycanın suverenliyinin tam təmin olunmasıdır.
Azərbaycan cəmiyyəti də bu tələblə həmrəydir. Azərbaycan cəmiyyəti hesab edir ki, Azərbaycan bütün dünya tərəfindən tanınan ərazilərinə tam nəzarət etməli, Qarabağdakı terror yuvalarını dağıtmalıdır. Bunun yolu isə haızrda ermənilərin yaşadığı ərazilərə Rusiya slühməramlıları ilə yanaşı həm də Azərbaycanın dövlət orqanlarının tam nəzarət etməsindən keçir.
//Yenisabah