Tural Abbaslı: "Rusiya bu situasiyadan ən az itki ilə necə çıxmağı planlaşdırır"

13:36 1 Mart 2022

“Hadisələri anbaan izləyirik. Proseslər getdikcə dərinləşir, insanlar əziyyət çəkir, dinc insanlar həlak olur. Digər tərəfdən Rusiyanın iqtisadiyyatı çökür, Ukraynanın infrastrukturu dağıdılır. Hadisələrin necə cərəyan edəcəyini demək çətindir”.

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya rəhbəri Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Ukrayna xalqının dirənişini, onun siyasi rəhbərliyinin , deputatların, prezidentin, digər vəzifəli şəxslərin dirənişini alqışlamaq lazımdır: “Onlar Rusiyanın qarşısından çəkilmədilər, qaçmadılar və artıq psixoloji üstünlük əldə ediblər. Türkiyənin Bayraktar PUA-ları başda olmaqla, bir çox ölkələrin etdiyi silah yardımları ilə Ukrayna ordusu ən azından Rusiyanın ildırımsürətli hərəkətinin qarşısını aldı və dirəniş göstərdilər”.

T.Abbaslı vurğuladı ki, Rusiyanın itkiləri böyükdür: “Rusiya ilkin mərhələdə istəyinə nail olmadı. Psixoloji üstünlüyü itirdi. Rusiya Ukraynada əməliyyat keçirdiyi hər gün onun həm iqtisadiyyatına, həm nüfuzuna, həm hərbi texnikasına və ordusuna ciddi ziyan dəyir. İndi Rusiya bu situasiyadan ən az itki ilə necə çıxmağı planlaşdırır”.

Partiya sədrinin fikrincə, Ukraynanın da itkiləri var, amma ərazi problemlərinin necə həll olunacağını indidən demək çətindir: “Donetsk, Luqansk, Krım əraziləri artıq itirilmiş hesab olunur. Ancaq hadisələrin gedişini proqnozalaşdırmaq çətindir, hadisələr fərqli istiqamətdə də inkişaf edə bilər. Hazırda danışıqlar prosesi gedir, bu ərazilərlə bağlı hansı qərar veriləcək, müharibənin gedişatı necə olacaq, Kiyevin bir şəhər olaraq nə qədər dirəniş göstərəcək, xarici dövlətlərin mövqeyi necə olacaq- bütün bunlar önəmlidir. Vəziyyət kifayət qədər mürəkkəbdir. Azərbaycan xalqı, eləcə də dövləti, iqtidarı, müxalifəti bütövlükdə Ukrayna xalqının yanındadır. Təsadüfi dyil ki, Ukraynada yaşayan azərbaycanlılar əllərinə silah alaraq rus işğalçılarına qarşı döyüşürlər, şəhidlərimiz də var”.

SİTAT.İNFO



Xəbər xətti