Ermənistan Baş Qərargahı Kəşfiyyat İdarəsinin sabiq rəhbəri, ikinci ordu korpusunun keçmiş komandiri general-mayor Araik Arutyunyan həbs olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazır.
Məlumata görə, Arutyunyanı dekabrın 15-də həbs ediblər.
Cinayət işi barədə hələ dekabrın 14-də xəbər verilirdi, lakin prokurorluğun rəsmi məlumatında ittiham olunanın adı, vəzifəsi göstərilmirdi. Prokurorluq qeyd edirdi ki, həmin şəxsin səhlənkarlığı nəticəsində 2021-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusuna cavab verə bilməyib.
“Sputnik Ermənistan” müəyyən edib ki, söhbət məhz Arutyunyandan gedir. O, döyüş növbətçiliyinə dair 5 aprel tarixli əmrinin yerinə yetirilmədiyini bilərək günahkarları cəzalandırmaq və vəziyyəti düzəltmək üçün tədbirlər görməyib.