“Sevgi evi” Uşaq Sığınacağında azyaşlı qızın şiddətə məruz qalması ilə bağlı məlumat yayılıb.
“Sitat.info” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk hesabında paylaşım edib.
O, aidiyyəti dövlət qurumlarının sosial şəbəkə hesablarını işarəliyərək neçə vaxtdır qapadılması barədə qərar verilən, hələ də barəsində istintaq gedən “Sevgi evi”ndə olan azyaşlının xilas edilməsini tələb edib: “Hər gün onlarla sosial şəbəkə izləyicisi tərəfindən “Sevgi” Uşaq Sığınacağı adı ilə instaqramda paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciətlər olur. Neçə dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istiqamətləndirmişəm, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini ilə bu barədə danışıqlarımız olub, DİN-in Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə danışdığımda da bir söz deyilib "Kəmalə xanım, istintaq gedir, gözləyirik!""
K. Ağazadə xatırladıb ki, daha əvvəl sığınacağın hesabında həmin qızcığazın fotosu paylaşılıb və genetik analizi üçün pul toplanılması məqsədilə bank kartı da yerləşdirilib: ""Totu" ləqəbli uşaq isə ölür! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib, deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür! Amma mən faktlara əsaslana bilərəm! Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı, ölür uşaq..."
Hadisə ilə əlaqədar “Sevgi evi” Uşaq Sığınacağı ilə əlaqə saxladıq. Sığınacaqdan bildirildi ki, həmin azyaşlının anası yayılan məlumatlarla bağlı cavab verəcək: “Həmin uşaq bizim sığınacaqda anası ilə birlikdə qalır. Anası özü mətbuat konfransında bütün bunlara cavab verəcək”.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə əlaqəli polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb: “Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda material məhkəmə icraatındadır”.
Qeyd edək ki, bu ilin may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxmışdı və hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılmışdı. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan azyaşlının müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, hadisənin baş verdiyi "Sevgi evi" Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır.
/Qafqazinfo