Bu gün səhər saat 8 radələrində 113 nömrəli marşrut xəttindən istifadə edən sərnişinlərlə sürücü arasında mübahisə yaşanıb.
Bu barədə Baku.ws-in "qaynar xətt"inə daxil olan məlumata görə, avtobus sürücüsü tıxac səbəbindən yolunu dəyişib.
Buna baxmayaraq, avtobus 80 dəqiqəyə qədər yubanıb. Hər şey də bundan sonra baş verib:
"Avtobus qəbiristanlıq yolu adlı yerlə hərəkət edirdi. Sürücü marşurutu həm səliqəsiz sürür, həm də sərnişinlərlə kobud davranırdı. Təxminən 80 dəqiqəyə qədər yolda qaldı. Bütün sərnişinlər etiraz edəndə də sürücü deyib ki, Əmircana qayıdır, Qarayevə getmir. Sərnişinlər düşüb başqa marşrut xətti üzrə hərəkət edən avtobusa mindilər".
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, “Trans-Kanrtol” MMC-nin istismarında 113 nömrəli marşrut xətti üzrə məsələ nəzarətə götürülüb.
"İzahat alınması üçün daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Marşrut xəttindən yayınma inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət yaradır və buna görə də sürücü barəsində cərimə sanksiyası tətbiq ediləcək".