Hüquqşünasdan Sabir Rüstəmxanlının korrupsiya barədə sözlərinə cavab: "Bu qanunları siz qəbul etməlisiniz"

18:15 23 Dekabr 2022

Deputat Sabir Rüstəmxanlının  Milli Məclisin bu gün keçirilən iclasında səsləndirdiyi fikirlər cəmiyyətdə maraqla qarşılanıb. Millət vəkili vurğulayıb ki, Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanmasının, şəffaflaşdırılmasının vaxtı çatıb: " Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdə külli miqdarda vəsaiti, yaxud ölkəmizdə, xarici ölkələrdə mülkləri, binaları ortaya çıxır. Bunlar dövlətin vəsaitləridir və bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır. “Cinayət yolu ilə əldə edilmiş əmlak” sözü sıravi vətəndaşa aid deyil, bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Vəzifəli şəxslər gəlirlərini şəffaf şəkildə təqdim etməlidirlər. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

Zamex.az - Sizin sürətli və ucuz karqonuz....

 

Deputatın bu sözlərini SİTAT.İNFO - ya açıqlamasında dəyərləndirən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov vurğulayıb ki,  deputatın bu cür danışması ona qəribə gəlir. Çünki Konstitusiyaya görə qanunverici hakimiyyət Milli Məclisdir:, Milli Məclis də deputatlardan ibarətdir: "Korrupsiyaya qarşı mübarizə qanunlardan başlayır. Ən azından bir neçə qanun qəbul olunmalıdır. Bunlardan birincisi məmurların gəlir və xərclərinin bəyannaməsi haqqında, ikincisi Danışmaz Əmlakın Dövlət Reyestrinin açıq olması, üçüncüsü isə kommersiya hüquqi şəxslərinin dövlət reyestrinin açıq olması haqqında qanun olmalıdır. 

Bu halda biz həmin məmurun ailə üzvləri, qohumları, işçiləri, əlaqəli olduğu və s. şəxslərin hansı mülklərinin olduğunu, hansı daşınmaz əmlaka sahib olduqlarını , nə qədər qazanıb nə qədər xərclədikləri   rahat şəkildə görə biləcəyik və onlar bunu gizlədə bilməyəcəklər". 

Ə.Həsənov qeyd etdi ki, bu təklif problemin həllinə çatmaq üçün ən sadə və adi yollardan biri olsa da bir yerdən başlamaq lazımdır: "Heç bir deputat bu məsələ ilə bağlı belə bir təklif etməyib. Bunu etmirlərsə deməli, təəssüf ki, populizmlə məşğuldurlar. Bunu fikri hansı deputatın səsləndirdiyi önəmli deyil. Vaxtilə Azərbaycanın milli azadlıq hərəkatında rolu olan,  olmayan və yaxud adi məmurdan gəlib deputat olan belə olsa fərqi yoxdur. 

Problemin başqa bir yolu yoxdur, deputatlar da heç bir addım atmırlar. Deməli onlar özləri də özbaşınalığına şərikidirlər".

Hüquqşünas əlavə etdi ki,  Azərbaycanda ümumiyyətlə bəzi istisnalarla  məmurların maaşı heç bir yerdə dərc olunmur: "Prezidentin, baş nazirin, deputatların  maaşı bəllidir. Ancaq Minlərlə, onminlərlə məmur ordusunda çalışanların maaşı məxfidir. Məmur bizə xidmət edir, biz xidmətçimizə nə qədər maaş verildiyini bilmirik. Hər şey gizli olduğu təqdirdə necə nəzarət olunsun?!

Bundan başqa da məsələlər vardır. Dövlət hesabına verilən güzəştli kreditlər, aqrar kreditlər, ipoteka kreditləri də gizlidir, açıqlanmır. Ona görə də, bu yollarla müxtəlif vəsaitlər əldə edirlər".

 Seymur Bənnayev,

Sitat.info

 



Xəbər xətti