Deputat Sabir Rüstəmxanlı şikayət edib ki, hansı məmuru işdən çıxarırsansa, onun villaları, bağları, mülkləri aşkara çıxır. Bu da o deməkdir ki, bütünlüklə idarəetmə sistemini korrupsiyadan təmizləmək mümkün deyil, amma Milli Məclisin işi həm də bunu tənzimləyəcək qanunlar qəbul etməkdir. Deputatlar isə bu məsələdə yetərincə fəaliyyət göstərmirlər.
Mövzu ilə bağlı SİTAT. İNFO-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Milli Məclisin əlində kifayət qədər alətlər və yarımçıq qalmış qanunlar var: "Azərbaycanda qəribə bir vəziyyət yaranıb, səlahiyyətli olanlar da şikayətçi olurlar. Azərbaycanda dərd danışmaq dəbdədir, dərd həll etmək istəyən yoxdur. Milli Məclisin əlində kifayət qədər alətlər, hətta yarımçıq qalmış qanunlar var. Rəqabət məcəlləsi var ki, 14 ildi qəbul edilmir, gəlir deklorasiyasi haqqında qanun var ki, illərdi yerinə yetirilmir".
Ekspert qeyd etdi ki, maliyyə amnistiyası düşünülmüş şəkildə aparılmalı, həm də bu maliyyə amnistiyası nəticəsində Tərəqqi Fondu yaradılmalıdır ki, qeyri - qanuni yollarla əldə edilmiş vəsaitlərin böyük bir qismi o tərəqqi fonduna toplansın.
O, həmçinin əlavə etdi ki, ilkin kapital yığımının Azərbaycan kimi ölkələrdə həmişə problem olduğunu nəzərə alsaq, bu maliyyə amnistiyası ölkənin təmizlənməsi üçün vacib şərtlərdən biridir: " Biz hələ 2013 - cü ildə hesablamışdıq ki, Tərəqqi Fonduna ən azı 10 milyard dollara yaxın vəsait toplana bilər və bu ancaq büdcədən kənar sosial məsələlərin, təhsillə bağlı məsələlərin maliyyələşdirilməsində istifadə oluna bilər".
Natiq Cəfərli sonda onu da vurğuladı ki, parlamentin əlində kifayət qədər səlahiyyətlər var: "Korrupsiyanın kökünün kəsilməsində bir sıra addımlar atılsa və bu deputatlarımız şikayət etməkdənsə bu alətlərdən istifadə etsələr daha yaxşı olar".
Sevinc Cavadzadə,
Sitat.info