Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Faiz Sucuoğlu bu ölkədə səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyətilə görüşüb.
Şimali Kiprin Parlament binasında keçirilən görüşdə Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri Sudeyif İmamverdiyev, millət vəkilləri Ramil Həsən, Anar İskəndərov, Elşad Mirbəşiroğlu, TAİB-in İcra Aparatının təmsilçiləri, Nicat Dağlar, Elnur Eltürk və Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətininin sədri Orxan Həsənoğlu iştirak edib.
Baş nazir Faiz Sucuoğlu Azərbaycan təmsilçilərini Şimali Kipr Türk Cümhuriyyətində görməkdən məmnun olduğunu və bu kimi səfərlərin sistemli şəkil almasını arzuladığını bildirib. Hökumət başçısı qeyd edib ki, 44 günlük Vətən Müharibəsi dövründə Kıbrısda hamının ürəyi Azərbaycanla döyünüb və uşaqdan böyüyə qədər hər kəs müharibənin gedişatı barədə xəbərləri diqqətlə izləyib. Faiz Sucuoğlunun sözlərinə görə, hər dəfə qələbə xəbərləri alanda böyük fəxarət hissi keçiriblər.
Baş nazir Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolunda olmasından da söz açaraq, qardaş ölkənin aydınlarının türk dünyasının birliyi istiqamətində nəzərəçapacaq fəaliyyət göstərdiyini və bu çalışmaların türkdilli ölkələr arasında inteqrasiyanın sürətləndirilməsinə töhfələr verdiyini də xüsusi vurğulayıb.
Şimali Kipr Türk Cümhuriyyətində özlərini qonaq kimi hiss etmədiklərini deyən TAİB nümayəndələri yüksək ehtirama və səmimi münasibətə görə baş nazirə öz minnətdarlıqlarını ifadə ediblər. Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin sədri Sudeyif İmamverdiyev Şimali Kiprə 1995-ci ildə baş tutmuş ilk səfərindən söz açaraq hazırda adda böyük iqtisadi irəliləyişlər müşahidə etdiyini qeyd bildirib.
Millət vəkili Ramil Həsən də öz növbəsində türkdilli ölkələr arasında əlaqələrin inkişaf perspektivindən danışıb və qeyd edib ki, bu yöndə vətəndaş cəmiyyəti institutlarının da potensialından mümkün qədər istifadə olunmalıdır.
Millət vəkilləri Anar İskəndərov, Elşad Mirəbəşiroğlu Azərbaycandan gələn nümayəndə heyətinə göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bir sıra istiqamətlər üzrə fikirlərini, əlaqələrin inkişafı xüsusunda isə təkliflərini dilə gətiriblər.
TAİB-in İcra Aparatının təmsilçiləri Nicat Dağlar, Elnur Eltürk təmsil etdikləri təşkilatın fəaliyyəti və qarşıdakı layihələr barədə danışaraq Türk Ağsaqqalları Birliyinin türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək üçün yarandığını qeyd ediblər.
Sonda baş nazirə Türk Ağsaqqalları Birliyinin xüsusi plaketi və hədiyyələri təqdim olunub.