Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

12:14 29 Dekabr 2022

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırıb.

"Sitat.info" xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

"Bəxtiyar Hacıyev ailə üzvlərinin, ictimaiyyətin və vəkillərinin fikrini nəzərə alaraq aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb", - vəkil bildirib.

Dekabrın 9-da həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət verilib.

“Qafqazinfo” xəbər verir ki, o, vəsatətə sabah Xətai Rayon Məhkəməsində baxılacaq. B.Hacıyevin vəkilləri bildirib ki, proses sabah saat 16:30-da hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrdın 9-da həbs edilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir. Vəkilləri onun 2 həftədir aclıq etdiyini qeyd etmişdi.

Yeri gəlmişkən, bu gün saat 16:30-da Xətai Rayon Məhkəməsində B.Hacıyevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatətə baxılacaq./Qafqazinfo

 



Xəbər xətti