ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanunu layihəsini imzalayıb.
Sitat.info ABŞ mediasına istinadən xəbər verir ki, qanun layihəsində Ukraynaya 45 milyard dollar yardım da daxildir.
2023-cü maliyyə ilinin bitdiyi 30 sentyabr 2023-cü il tarixinə qədər ABŞ federal hökumətinə maliyyə təmin edəcək büdcə qanun layihəsi ABŞ Senatı və Nümayəndələr Palatasında təsdiqləndikdən sonra prezident Co Baydenə təqdim edilib və onun tərəfindən imzalanıb.
Büdcədə tibbi tədqiqatlar, təhlükəsizlik, veteranların sağlamlıq xidmətləri, təbii fəlakətlərin vurduğu ziyanın bərpası və qadınlara qarşı zorakılıq hüquq fondlarına investisiyaların nəzərdə tutulduğunu qeyd edən Bayden, büdcənin Ukraynaya da əhəmiyyətli dəstək verəcəyini bildirib.
Bayden "2023-cü ildə daha çoxunu gözləyirik" -deyib. Aylarla davam edən müzakirələrdən sonra razılaşdırılan büdcə paketinə 772,5 milyard dollarlıq qeyri-müdafiə xərcləri və 858 milyard dollarlıq müdafiə maliyyəsi daxildir.
Sözügedən büdcə layihəsində Ukraynaya 45 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardım da nəzərdə tutulub.
Qanun layihəsi həmçinin, ölkə daxilində icmaların quraqlıq, qasırğa, daşqın və meşə yanğınları kimi təbii fəlakətlərdən sağalmasına kömək etmək üçün təxminən 40 milyard dollar vəsait ayırır.
Nərgiz,
SİTAT.İNFO