Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Sitat.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Anar Babayevin sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin həmin şəxsin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən, A.Babayevin narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.