Qarlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müəyyən problemlər yaranıb.
Bəs, hansı universitetlər imtahanda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələr üçün güzəşt tətbiq edəcəklər?
BAKU.WS mövzü lə bağlı bəzi universitetlərlə əlaqə saxlayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov qeyd edib ki, ADNSU-da bir saat və ya saat yarım gecikən tələbələrə imtahanda iştirak etmələri üçün şərait yaradılır:
"Hava şəraiti ilə əlaqədar imatahanda iştirak edə bilməyən tələbələr ərizə ilə müraciət edirlər və onlara təkrar imtahan təşkil olunur".
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından sorğumuza cavab olaraq bildirildi ki, imtahana gecikən tələbələr apellyasiya kommissiyasına müraciət ediblər.
"Həmin müraciətlərə əsasən, onlara yenidən gün təyin olunacaq. Tələbələrin mobil telefonlarına və mail ünvanlarına məlumat göndəriləcək".
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından da saytımıza bildirildi ki, tələbələrə güzəştlər hər zaman edilir.
Xəzər Universitetindən isə bildirildi ki, dekabrın 26-dan semestr imtahanları başlayıb, dünənə qədər imtahanla bağlı problemi olan tələbə olmayıb.
"Problem olduğu halda dekanlıqlar onlara şərait yaradacaqlar".
Bundan əlavə, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universitet, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universiteti rəhbərlikləri də qarlı havada imtahanlara gələ bilməyən tələbələrə yenidən şərait yaradılacağını açıqlayıblar.