Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya qarşı müharibədə Rusiya rejiminə dəstək verən İran və Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verib.
Sitat.info xəbər verir ki, o, bunu dekabrın 10-da Aİ və NATO arasında əməkdaşlıq haqqında Üçüncü Birgə Bəyannamənin imzalanmasından sonra keçirilən brifinqdə bildirib.
AK rəhbəri qeyd edib ki, Brüssel Moskvanı dəstəkləyən rejimlərə qarşı sanksiyaları genişləndirməyə hazırdır. Bu kontekstdə o, Belarusun xüsusi “rolunu” qeyd edib.
"Rusiyanın Ukraynaya qarşı müharibəsindəki aktiv roluna cavab olaraq Belarusa qarşı yeni sanksiyalarla çıxış edəcəyik".
Onun bu fikrini NATO-nun baş katibi Yens Stoltenberq də dəstəkləyib.
Qeyd edək ki, bu günlərdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya da hərbi yardım etdiyini bildirib. O qeyd edib ki, anti-Rusiya sanksiyaları fonunda Moskva İran və Şimali Koreya kimi ölkələrdən dəstək istəmək məcburiyyətində qalıb.
Səid İsaoğlu,
Sitat.info