Baku TV-nin Sədərək Ticarət Mərkəzindən hazırladığı "Sədərək" rəsmisi özünü "yandırdı" videomateriala sözügedən ticarət mərkəzindən cavab gəlib. Videoda ticarət mərkəzi ərazisinə daxil olan avtomobillərdən 50 qəpik alınmasını işıqlandıran jurnalist daha sonra “Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimə bu barədə sual verir. O isə, dayanacaqda sürücülərdən pul alınmadığını deyir.
Sitat.info-ya açıqlama verən Kəmaləddin Qədim əvvəlcə baş verən yanğından sonra sahibkarlara ediləcək yardımdan danışıb: "Ticarət mərkəzinin rəhbərliyi tərəfindən sahibkarların mağazaları yenidən bərpa olunacaq. Həmin şəxslərə başqa sahələrdə də yardım göstəriləcək. Bizim dəstəyimiz olacaq. Çünki, bundan əvvəlki hadisələrdədə sahibkarlara yardım və dəstək göstərilib".
Dayanacaq məsələsinə gəlincə, K.Qədim deyib ki, son zamanalar Sədərək ticarət mərkəzində yeni dayanacaqlar yaradılır: " Dayanacaqların yaradılması nəyə görə gündəmə gəlib? Ona görə ki, müştərilər gəlir və avtomobillərini saxlamaq üçün yer tapa bilmirlər. Biz də müştəriləri nəzərə alaraq əlavə dayanacaqlar yaratdıq ki, onlar daha rahat şəkildə avtomobillərini saxlaya bilsinlər. Sahibkarlar üçün ayrıca dayanacaq yaratdıq ki, müştərilər mağazalara yaxın ərazilərdə avtomobillərini saxlaya bilsinlər. İndi isə belə söhbət çıxıb ki, bu dayanacaqlarda maşın saxlayanlardan əlavə pullar yığılacaq. Bu tamamilə yalan məlumatdır".
TM sözçüsü bildirib ki, əlavə yaradılan dayanacaqlarda müştərilərdən heç bir ödəniş alınmayacaq: "Çünki, girişdə 50 qəpik ödəniş alınır və əlavə ödənişə ehtiyac yoxdur. Kimsə girişdə 50 qəpik ödəyəndə videoya çəkib sonrada deyib ki, Sədərək rəsmisi özünü yandırdı. Guya ki, mən yalan məlumat vermişəm. Əsl jurnalist bunu araşdırar, tam real şəkildə sonra yazar. Mən özüm yazıçıyam və bir neçə kitabım çap olunub. Mən həmin o şəxslərə jurnalistikadan dərs verərəm. Onsuz da girişdə 50 qəpik dayanacaq pulu alınır, maşınlar səhər saatlarında daxil olur və axşama qədər orada qalır. Digər yerlərdə dayanacaq pulu saata görədir. Amma bizdə bir dəfə 50 qəpik ödəyirlər və axşama kimi maşınlar dayanacaqda qala bilər. Həmin şəxsin sözü məqsədli şəkildə səhv istiqamətə yönəltdiyi bəllidir. Söhbət sadəcə yeni yaradılan dayanacaqlardan gedir".
Səid İsaoğlu,
Sitat.info