Günün fotosu: Yandırılan keçmiş, tüstülənən gələcək

18:55 3 Mart 2022

Ukraynanın işğal qurşağında, bombardman altına yerləşən şəhərlərindən biridir. Hansıdır, fərqi yoxdur artıq. Zatən, cəbhə xəttinin keçdiyi, artilleriya atəşlərinin çatdığı bütün şəhərlər bu gündədir.

Göründüyü kimi, yandırıcı-dağıdıcı silahla vurulan hər iki bina hərbi obyekt deyil, yaşayış binasıdır. Dünənə qədər burada insanlar sakit-sakit ömürlərini sürürdülər: qarılar əlverişli havalarda bu binaların qarşısında oturub söhbət edir, gəlib-gedənə göz qoyurdular, ahıl kişilər domino oynaya-oynaya siyasətdən, dolanışıqdan danışırdılar, uşaqlar, yeniyetmələr qışqır-bağır sala-sala cürbəcür oyunlar oynayırdılar. 

Bu gün onlar bu yanan binalardan qaçıb bütün Avropaya dağılıblar. Onların keçmişi yanıb-qaralıb, gələcəkləri mübhəmdir. Müharibə uzun çəksə, bəlkə də heç vaxt bir daha bu yerlərə qayıda bilməyəcəklər. Necə ki, 30 il öncə Qarabağdan didərgin düşənlər hələ də doğma el-elatlarına qayıda bilməyiblər.

274700476_7058720884200461_1602185491507699021_n.jpg (80 KB)

Yaşayış binasını yandırmağın, dağıtmağın necə bir namərdlik və cinayət olduğu kimə olmasa da, bizə çox yaxşı tanışdır. Aqressorlar həmişə hesab edir ki, onlar belə hərəkətlər etməkdə azaddırlar və buna görə heç vaxt cəza çəkməyəcək, bədəl ödəməyəcəklər. 

Ancaq zərərçəkənlər fərqli düşünür. Onlar qurulu evlərini dağıdanları, büsatlarını pozanları  heç vaxt bağışlamırlar. 

Doğrudan da, görün, müharibə necə bir hədsizlikdir. Başqa vaxt daş atıb pəncərəmizi sındıran uşağın qulağından tutub valideyninin yanına aparır, onun öz nadinc övladını cəzalandırmasını tələb edirik, amma 40-50 ilə, milyardlarla dollar vəsaitə başa gəlmiş şəhərləri, yaşayış massivlərini bir neçə saniyənin içində xaraba qoyanları cəzalandıra bilmirik. 

Ümid edək ki, insanlara faciə yaşadan, evsiz-eşiksiz qoyan irticaçılar bir gün layiqli cəzalarını alacaqlar. Yoxsa Yer üzü yaşanmaz hala gələcək.



Xəbər xətti