Qarabağ Azadlıq Təşkilatının varisi kimi ötən il siyasi təşkilata çevrilən və mübarizəsini siyasi müstəvidə davam etdirən Azad Vətən Partiyası təşkilatlanma işini uğurla davam etdirir.
Sitat.info xəbər verir ki, yanvarın 14-də partiyanın sədri Akif Nağı başda olmaqla AzVP-nin siyasi rəhbərliyi rayon təşkilatında üzvlərlə ilk görüşünü keçirib. Bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, nümayəndə heyətində partiya sədri ilə birlikdə Siyasi Şuranın sədri Novruz Novruzbəyli, İdarə heyətinin üzvləri Şaiq Süleymanl və Tağı Süleymanoğlu, SŞ-nın üzvü Tacəddin Əyyublu olub.
İmişliyə gələn partiya nümayəndə heyətini yerli fəallar, rayon partiya təşkilatının sədri Novruz Əliyev, “Müharibə Veteranları” İctimai Birliyinin sədri Taleh Salahov Şəhidlər Xiyabanında qarşılayıblar. Görüşlərə Şəhidlərin xatirəsini yad etməklə başlamaq 44 günlük müharibədə azadlıq yolunda canlarını qurban vermiş soydaşlarımızın ruhuna hörmət göstərməklə yanaşı həm də praktiki məna daşıyır. Çünki, Azad Vətən Partiyasının Proqramında Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların yadigarları olan ailələrinin sosial müdafiəsinin daim diqqətdə saxlanılması əsas sosial fəaliyyət istiqamətlərindən biri kimi qeyd edilib.
Xiyabanda uyuyan Şəhidlərimizin abidələri önünə təzə-tər gül dəstələri qoyulub, onların xatirəsinə dualar oxunub, Allahdan rəhmət dilənib. Şəhidlər Xiyabanında çıxış edən Akif Nağı deyib: Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Böyük Zəfər xalqımızın və dövlətimizin birliyi sayəsində əldə olunub. Bu qiymətli amil bundan sonrakı mübarizəmizdə də əhəmiyyətli rol oynayacaq və gələcək qələbələrimizin əsasını təşkil edəcək. Bayrağımızın Xankəndidə dalğalanacağı gün uzaqda deyil. İnşallah, tezliklə bu günü də görəcəyik. Novbəti mərhələ isə düşmənlərimizin dağıtdıqları şəhər və kəndlərimizə sürətli qayıdışın təntənəsi olacaq.
Daha sonra görüş iştirakçıları İmişli şəhərində Milli Qəhrəman İmanverdi Əliyevin abidəsini ziyarət edib, şəhid-qəhrəmanın xatirəsini hörmətlə anıblar.
Bundan sonra partiya rəhbərliyi ilə yerli təşkilatın birgə yığıncağı keçirilib. Yığıncaq Dövlət himnimizin oxunması ilə başlanıb və sonra Qarabağ müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağa sədrlik edən Azad Vətən Partiyasının İmişli rayon təşkilatının sədri Novruz Əliyev giriş sözündə əvvəlcə qonaqları salamlayıb. Daha sonra təşkilatın fəaliyyəti barədə məlumat verən sədr bildirib ki, rayonda partiya üzvlüyünə ciddi maraq var. Təsadüfi deyil ki, qısa müddətdə 80 nəfər Azad Vətən Partiyasının sıralarına qoşulub və təşkilatlanma işi uğurla davam edir.
Partiyanın qarşında duran vəzifələrdən danışmaq üçün söz Azad Vətən Partiyasının sədri Akif Nağıya verilib. Natiq qısa zamanda partiyanın sıralarına yüzlərlə vətəndaşın qoşulduğunu bildirərək bunu Qarabağ Azadlıq Təşkilatının 30 il ərzində xalq içərisində qazandığı hörmət və ehtiramın ifadəsi kimi qeyd edib O deyib: “Biz uzun illər ərzində Qarabağın işğaldan azad edilməsi yolunun müharibədən keçdiyini bildirirdik. Çünki, əmin idik ki, əsrlər boyu xalqımıəza qarşı düşmənçilik edən ermənilər öz havadarları vasitəsilə bizdən qopardıqları torpaqları öz xoşlarına geri qaytarmayacaqlar. Lakin bir sıra xarici dövlətlər, o cümlədən ATƏT-in Minsk Qrupu adlandırılan ikiüzlü siyasi qurumun sədrləri heç cür Azərbaycanın ərazi bütövlüyünün təminini istəmirlər. Zaman göstərdi ki, biz haqlıyıq və dövlətimizlə xalqımızın eyni fikri dəstəklədiyi an yetişən kimi problem azadlıq müharibəsi ilə həll olundu. Düzdür, biz xeyli şəhid verdik, nə qədər ailə başsız, körpələr atasız qaldı. Amma xalq və dövlət onlara himayəlik etdi, qanları yerdə qalmadı, ərazi bütövlüyümüz bərpa olundu”.
Daha sonra Akif Nağı ölkənin siyasi həyatında partiyaların rolundan danışdı, “Siyasi partiyalar haqqında” yeni qanunun ictimai-siyasi fəaliyyətə gətirdiyi yenilikləri izah etdi. O bildirdi ki, dövlətin, millətin taleyi cəmiyyətdə sağlam partiyaların formalaşmasından asılıdır. Bu konteksdə Azad Vətən Partiyası siyasi plüralizmi əldə rəhbər tutaraq siyasi hərc-mərclikdən uzaq, intellektual bazaya əsaslanan və sosial ədalət prinsiplərini uca tutan təşkilat kimi meydana çıxıb: “Tale Azərbaycana çoxlu təbii sərvət bəxş edib. Lakin bu sərvətin bölüşdürülməsində heç də həmişə sosial ədalət prinsipi gözlənilmir. Xüsusilə,ərazi bütövıüyümüz yolunda canını qurban verənlərin, sağlamlığını itirənlərin haqqı bu yöndə həmişə üstün tutulmalıdır”.
Partiya sədrinin fikrincə, ermənilər bu gün bütün dünyada “Dağlıq Qarabağ” adlanan saxta dövlət haqqında geniş informasiya təbliğatı aparırlar. Bu istiqamətdə Azad Vətən qarşısında ciddi vəzifələr durur və partiya öz strukturları və təsis etdiyi digər qurumlarla bu cür yalançı mifləri məhz etmək üçün səmərəli iş aparır. Beynəlxalq Qarabağ Forumu bu yolda uğurlu layihələri davamlı şəkildə həyata keçirir.
Azad Vətən Partiyası İdarə Heyətinin üzvləri, partiya sədrinin müavinləri Şaiq Süleymanlı və Tağı Süleymanoğlu da çıxış edərək görülən işlər barədə danışdılar və yerli partiya təşkilatına uğurlar arzuladılar.
Azad Vətən Partiyası İmişli rayon təşkilatının üzvləri öz çıxışlarında qarşılaşdıqları problemlərdən danışdılar və pariya ətrafında sıx birləşmək niyyətlərini bildirdilər.
II qrup müharibə əlili olan Qurban Hüseynov həyat yoldaşının yataq xəstəsi olduğunu, dializdən əziyyət çəkdiyini dilə gətirdi. Bildirdi ki, 3 uşaq anası xəstəlik səbəbindən övladlarının tərbiyəsi ilə məşğul ola bilmir, bir insan kimi normal həyat yaşamır. Lakin xəstəliyin müalicəsi üçün külli miqdarda vəsait tələb olunduğundan o, təkbaşına bu işi görə bilmir. Respublikanın bir çox əlaqədar təşkilatlarına müraciət etsə də onun ailəsinin dərdinə əlac edən yoxdur.
Feyruz Cahangirov bildirdi ki, hələ Birinci Qarabağ müharibəsində iştirakı zamanı aldığı zədələrə görə ona əlillik dərəcəsi almaq üçün müvafiq sənədlər verilib. Lakin torpaqlarımız əsarətdə olduğundan bu imtiyazı əldə etmək üçün müvafiq qurumların qapısını döyməyib. İndi isə Zəfər bizimdir və mən hüququmu təmin etmək üçün müraciət etsəm də, bu sahədə çalışan məmurlar söz verib, əməl etmirlər.
Azad Vətən Partiyasının İmişli rayon təşkilatında sədrin müavini olan Nəsimi Əliquliyev müharibədə fəal iştirak edib, N saylı hərbi hissədə batalyon komandiri olub. 4 medalla təltif olunub. Hərbi rütbəsi kapitandır və məktəbdə hərbdən dərs deyib. Lakin bu gün o, ailəsini dolandırmaq üçün gözətçi işləməyə məcburdur.
İmişli rayonunda fəaliyyət göstərən “Müharibə veteranları” İctimai Birliyinin sədri Taleh Salahov bildirdi ki, biz bəzi məmurların üzdəniraq münasibətinin əsirliyindəyik. “İcra başçısı müharibə iştirakçılarına düşmən kimi baxır” –deyə, o bildirib. Qəribədir ki, mən ictimai birliyin sədri kimi şəhid ailəsi üçün bir neçə kvadrat metrlik dükan tikdirməyə nail ola bilmədim, amma hardansa gələn və pulu hansı yollarla əldə etdiyi bilinməyən bir kimsə yüzlərlə kvadrat metr ərazidə özünə asanlıqla obyektlər tikdirir.
Loğman Səfərov, Mehdi Əliyev, Mətləb Səfərov, Rauf Səmədov və digər üzvlər də öz çıxışlarında problemlərdən və görəcəkləri təbliğati işdən danışdılar, partayaya uğurlar arzuladılar.
Sitat.info