Polşanın baş naziri Ukraynanın məğlub olacağı təqdirdə Üçüncü Dünya Müharibəsi ilə hədələyib
"Rusiyanın başlatdığı müharibədə Ukraynanın məğlubiyyəti III Dünya Müharibəsinin başlamasına səbəb ola bilər. Ona görə də Qərb Kiyevə təcavüzü dəf etmək üçün lazım olan silahları verməlidir".
Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bunu Berlinə səfəri zamanı Polşanın baş naziri Mateuş Moravetski deyib.
"Liberal dünyanın 30 ili 30 illik illüziyaya çevrildi. Qərbi Avropa rus ayısının əhliləşdirilə biləcəyinə çox asanlıqla inanırdı"
Polşanın baş naziri xəbərdarlıq edib ki, Rusiya qalib gəlsə, dünya ciddi nəticələrlə üzləşəcək.
"Ukraynanın məğlubiyyəti III Dünya Müharibəsinin müqəddiməsi ola bilər, ona görə də Kiyevə dəstəyin qarşısını almaq və onu qeyri-müəyyən müddətə təxirə salmaq üçün heç bir əsas yoxdur", - Moravetski bildirib.
Polşa hökumətinin başçısı Almaniya hakimiyyətini qətiyyətli olmağa və Ukraynanı “bütün növ silahlarla” təmin etməyə çağırıb. Eyni zamanda, Moravetski Qərbi Avropanı Rusiya ilə münasibətləri yenidən düzəltməyə çalışmaqdan çəkindirib.
"Rusiya ilə anlaşmaq şeytanla razılaşmağa bənzəyir. Bu, Rusiya qazından asılı olan ölkələrin boynunda ilgəyə çevrilib. Sadəcə olaraq Qərbin uğursuz biznes maraqları Ukrayna və Polşa kimi ölkələr üçün ölüm-dirim məsələsinə çevrilib ”, - deyə o bildirib.
Nərgiz Liftiyeva,
Sitat.info