Ukraynadan Moldovaya, oradan isə Rumıniyaya gedən 1100 nəfərdən çox azərbaycanlının nə zaman Vətənə gələcəyinə aydınlıq gətirilib.
APA xəbər verir ki, Rumıniyadakı diaspor təşkilatının rəhbəri Vaqif Həsənov Diaspor TV-yə açıqlamasında bildirib ki, azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması 28 fevraldan başlayıb.
“Biz onların hotel, qida və digər vacib ehtiyaclarını təmin etməyə çalışırıq. Onlardan bəziləri birbaşa Bakıya təxliyə edilib. Rumıniyaya kütləvi axın isə martın 2-dən başlayıb. Onların bir hissəsi Türkiyənin Rumıniyadakı səfirliyi vasitəsilə Türkiyə vətəndaşları ilə birgə təxliyə edilib. 45-ə yaxın həmvətənimiz İstanbula çatdırılıb”, - diaspor təşkilatının rəhbəri qeyd edib.
Rumıniyadakı azərbaycanlıların ölkəyə gəlmə marşrutlarından danışan Vaqif Həsənov soydaşlarımızın Vətənə gəlməsi üçün Azərbaycan tərəfinin Yassı şəhərindən çarter reysləri təşkil etdiyini vurğulayıb: “Vətəndaşlar Moldovadakı Azərbaycan səfirliyində qeydiyyatdan keçərək Vətənə dönürlər. Qatarla Kiyevdən Moldovaya təxliyə edilən 1100-dən çox azərbaycanlı bu gün səhərə yaxın Rumıniyaya çatıb. Onlar Rumıniya hökuməti tərəfindən ayrılan sığınacaqlara yerləşdirilib. Gün ərzində onların siyahısı tutulacaq və növbəli olaraq avtobuslarla Azərbaycana yola salınacaqlar”.