İlham Əliyev 2 fərman imzaladı

13:13 23 Yanvar 2023

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinin genişləndirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrindən elektron formada sənədlərin və məlumatların təqdim edilməsi, eləcə də notariat hərəkətinin nəticəsi olan sənədlərin daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsi ilə bağlı ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsilə məlumat mübadiləsinin təhlükəsizliyinə dair tələbləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. yaşayış sahəsinin yerləşdiyi ünvan üzrə qeydiyyatda olan şəxslər barədə məlumatların mötəbərliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə aşağıdakıları təmin etsin:

3.2.1. rekvizitləri dəyişdirilmiş ünvanların vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərdəki ünvanlarla informasiya sistemləri vasitəsilə unifikasiyası (eyniləşdirilməsi) və həmin vətəndaşların bu barədə məlumatlandırılması imkanlarının yaradılması;

3.2.2. yaşayış sahəsinin mülkiyyətçisi olan hüquqi və fiziki şəxslərə onların elektron müraciəti əsasında, habelə notariuslara real vaxt rejimində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və ata adı haqqında elektron sənəd təqdim edilməsi.

4. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, № 12, maddə 1509; 2014, № 2, maddə 108, № 4, maddə 361, № 6, maddə 632; 2015, № 7, maddə 827, № 9, maddə 1016; 2016, № 11, maddə 1825; 2017, № 3, maddə 348; 2018, № 2, maddələr 202, 203; 2020, № 7, maddə 891, № 12 (I kitab), maddə 1477; 2022, № 8, maddə 852) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.2.3-cü yarımbəndə “7.2-ci” sözlərindən əvvəl “5.6-cı maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

4.2. 4.2.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.2.6. 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir;”.

***

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanununun tətbiqi və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Baş Dövlət Yol Polisi İdarəsi qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, № 3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128; 2019, № 2, maddə 208, № 6, maddələr 1013, 1045, № 8, maddə 863) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 3.1-1-ci və 3.9-1-ci bəndlər əlavə edilsin:

“3.1-1. həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;”;

“3.9-1. həmin Qanunun 46-cı maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Baş Dövlət Yol Polisi qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”;

2.3. 3.10-cu bənddə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış” sözləri “müayinədən keçməsi barədə sənəd” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 653-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.



Xəbər xətti