“Rusiya bu gün suveren ölkə olan Ukraynanı işğal edir, onun ərazi bütövlüyünü, beynəlxalq qanunları pozur. Bu, region, insanlar, Rusiyanın özü üçün də yanlışdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) Tbilisidə Ukraynadakı vəziyyət mövzusunda təşkil etdiyi müzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülh və əmin-amanlığın qorunub saxlanılması ilə bağlı əlavə məsuliyyət daşıyır.
Səfir Türkiyənin Ukraynanın yanında olduğunu qeyd edib: “Türkiyə tərəfdaş, qonşu, dost ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəyər verir və dəstəkləyir. Türkiyə Ukraynaya kömək etməyə hazırdır və yardımını əsirgəmir”.
F.C.Yazqan bildirib ki, Türkiyə NATO-nun üzvü kimi Ukrayna məsələsində tərəfdaşlarla həmrəydir: “NATO bu münaqişənin nə bir hissəsi, nə də tərəfidir. Münaqişənin həllində diplomatiya tələb olunur. Bu səylər davam etdirilməlidir. Sülhə nail olunacaqsa, bu hərbi üstünlüyün deyil, diplomatiyanın hesabına olacaq. Türkiyə inanır ki, diplomatiya üçün hər zaman yer olmalıdır. Biz diplomatik səylərimizi davam etdirməliyik. Türkiyənin tək başına bu diplomatiyanı həyata keçirə biləcəyi mübahisəlidir, çünki burada öhdəliyi yalnız Türkiyə daşımır”.
Xanım səfir qeyd edib ki, Türkiyə Montrö konvensiyasının müddəalarını tətbiq edir: “Biz hər zaman dediklərimizi yerinə yetiririk. Yerinə yetirə bilmədiklərimizi heç zaman demirik”.
Diplomat Ukraynada baş verənləri insanlıq faciəsi adlandırıb: “Ukraynada baş verənlər yalnız Avropanın təhlükəsizliyinə təhdid deyil, bu, insan dəyərləri və ümumi təhlükəsizliklə bağlıdır. Zorakılığa son qoyulması üçün beynəlxalq aləmdə birlik tələb olunur. Rusiyanı inandırmağa çalışmalıyıq ki, baş verənlər heç kəs üçün yaxşı bitməyəcək”.