“Azəriqaz”: "Ağıllı sayğac"ların tətbiqi üçün işlər davam etdirilir"

19:20 4 Mart 2022

 

"Azərbaycanda indiyə qədər "Ağıllı sayğac"lar olmayıb. Bizim sonradan ödənişli sayğaclara keçid etməyimizdə əsas məqsədimiz "Ağıllı", yəni smart sayğaclara nail olmaqdır”.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qurumda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, SOCAR xüsusi proqram üzərində işləyir: "Bu proqrama əsasən, abunəçilər sayğaclarının şəklini çəkib "Azəriqaz"ın informasiya mərkəzinə göndərəcək. Mərkəz sərfiyyatı, borcun hamısını abunəçiyə göstərə biləcək".

Bundan əlavə o bildirib ki, bu proqram vasitəsilə onlayn ödənişlər də etmək mümkün olacaq: "Yəni sayğacın üzərində şəffaf qutu olacaq, bununla nə qurumun işçiləri, nə də abunəçilərin sayğaca müdaxiləsi olacaq. Bundan sonra "ağıllı sayğac"dan söhbət gedəcək. Bu sayğacda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək"- deyə o, vurğulayıb və bu cihazların quraşdırılması üçün ödəniş tələb olunmayacağı deyib.

Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan MR-nın təbii qazla təmin edilməsinə dair sualı isə "Azəriqaz"ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cavablandırıb. Onun sözlərinə görə, bu, mümkün olacaq, hazırda isə muxtar respublika İran üzərindən qaz alır.

104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-iş günlərində Çağrı mərkəzinin gücləndirilmiş rejimdə çalışacağını mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Şöbə rəisinin sözlərinə görə, daxil olan bütün müraciətlər qəbul olunacaq və icraatı da təmin ediləcək.

“Açıq qapı” aksiyasından yalnız Kütləvi İnformasiya Vasitələri nümayəndələri deyil, vətəndaşlar da yararlanır. Belə ki, görüş “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlandığından vətəndaşlar qaz təchizatı ilə bağlı suallarını ünvanlaya bilirlər. İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı suallara aydınlıq gətirib.

Gələn həftənin cümə günü "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev cari ilin fevral ayının yekunlarına dair hesabatı media və QHT nümayəndələrinin diqqətinə çatdıracaq.



Xəbər xətti