Tehran polis rəisi səfirliyə hücumdan sonra vəzifəsindən azad edilib

17:59 27 Yanvar 2023

Azərbaycanın İrandakı Tehran səfirliyinə silahlı hücumdan sonra Tehran polis rəisi Hüseyn Rəhiminin vəzifəsindən uzaqlaşdırıldığı açıqlanıb.

Sitat.info xəbər verir ki, İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatına görə, Tehran polis rəisi Rəhimi polis rəisi Əhməd Rza Radan tərəfindən vəzifəsindən azad edilib.

Əlborz polis rəisi Abbas Əli Muhammediyan Tehran Polis İdarəsinə, Rəhimi isə İqtisadi Təhlükəsizlik Polisinin rəisi təyin edilib.

Digər tərəfdən İranın rəsmi agentliyi İRNA xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daxili işlər naziri Əhməd Vahidinin Tehranda Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu qiymətləndirmək üçün görüşdüyünü açıqlayıb.

Qeyd edək ki, səhər saatlarında Azərbaycanın Tehran səfirliyinə silahlı basqın nəticəsində səfirliyin mühafizə rəisi həlak olub,  iki mühafizəçi isə yaralanıb.

Tehran polis rəisi Hüseyn Rəhimi hücumçunun hadisədən sonra tutulduğunu və ilkin araşdırmalara görə hücumun “şəxsi və ailəvi problemlərə görə” həyata keçirildiyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi də hücumu pisləyib və Tehran səfirliyinin boşaldılacağını bildirib.

Azərbaycan prezidenti İlham Əliyev özünün Tvitter hesabında hücumu terror aktı kimi qiymətləndirərək, "Biz bu terror aktının tez bir zamanda araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə edilən terror aktları qəbuledilməzdir" deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti