Akif Nağı Tərtərdə və Ağdamda partiya fəalları ilə görüşüb - Fotolar

20:39 28 Yanvar 2023

Azad Vətən partiyasının sədri Akif Nağı, sədr müavini Fərman Məmmədov, siyasi şuranın üzvü Şirzad Hüseynov Tərtər rayonunda səfərdə olub, partiyanın yerli şöbəsinin üzvləri ilə görüş keçirilib. Görüş Azərbaycanın dövlət himninin oxunması və Şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Azad Vətən partiyasının Tərtər şöbəsinin sədri Babək Sadıqov toplantını açaraq partiyanın Tərtər şöbəsinin vəziyyəti, üzvləri, gördükləri işlərlə bağlı məlumat verib, sonra partiyanın sədri Akif Nağı geniş məruzə ilə çıxış edib. Akif Nağı həm partiyanın qarşısında duran vəzifələrlə bağlı, təşkilatı məsələlərlə bağlı, eyni zamanda bugün Azərbaycanda və dünyada baş verən hadisələrlə bağlı məlumat verib, münasibətini bildirib, fikirlərini səsləndirib. Bundan sonra partiya üzvləri onları maraqlandıran suallarla müraciət ediblər.

Akif Nağı verilən sualları cavablandırıb, insanları narahat edən problemlərlə bağlı mövqeyini bildiribdir. Toplantıda iştirak edən Fərman Məmmədov, Ziya Mahmudov, Hidayət Mehdiyev, Qazax Hüseynov, Fəxrəddin Hüseynov və digərləri çıxış edərək həm partiya quruculuğu ilə bağlı təkliflərini veriblər həm də yerlərdə olan problemləri qaldırıblar. Bu məsələlərin ətrafında ətraflı müzakirə olunubdur, bütövlükdə cəmiyyətdə, dövlət quruculuğunda, siyasi proseslərdə partiyanın rolu, üzvlərin sayının artırılmasının vacibliyi, rayonun ictimai-siyasi həyatında partiya üzvlərinin iştirakı və digər məsələlərlə bağlı qərarlar qəbul olunub.

*****

Azad Vətən partiyasının sədri Akif Nağı bölgəyə səfəri çərçivəsində həmçinin Ağdamda yerli şöbənin üzvləri ilə görüş keçirib.

Görüşdə həmçinin partiya idarə heyətinin üzvü Fərman Məmmədov, siyasi şuranın üzvü Şirzad Hüseynov iştirak edibdi. İclası yerli şöbənin sədri Xəyalə Xudadatova açaraq toplantının məqsədi və məramı ilə bağlı məlumat verib, sonra Akif Nağı hazırki vəziyyət və partiya üzvlərinin vəzifələri ilə bağlı geniş çıxış edib. Akif Nağı təşkilatlanma işləri, regionda olan problemlərin aradan qaldırılması, dövlətçiliyə xidmət və digər məsələlər üzərində dayanıb həmçinin beynəlxalq vəziyyətlə bağlı məlumatlar verib. O xüsusi olaraq qeyd edib ki, partiya Azərbaycan dövlətinin daha da güclü olması, demokratik prinsiplərin inkişaf etdirilməsi, Azərbaycanın dünya dövlətləri içərisində özünə layiq yer tutması istiqamətində fəaliyyət göstərir.

A.Nağı xüsusi olaraq o qeyd edib ki, yerlərdə olan problemlərin qabardılması, ictimailəşdirilməsi dövlətçiliyə xidmət edir, qərəzli mövqe deyil, işin həllinə kömək məqsədi ilə bu cür problemlər ortaya çıxardılmalıdır və həllinə nail olunmalıdır, yerli partiya üzvləri bu istiqamətdə işlərini genişləndirməlidirlər. Sonra yerli şöbənin sədri Xəyalə Xudadatova, sədr müavini Asif Əliyev, yerli şöbənin üzvləri Füzuli Səfərov, Maya Quliyeva və digərləri çıxış edərək diqqəti üzləşdikləri problemlərə yönəldiblər. Bu çıxışlarda xüsusi olaraq qeyd olunub ki, bəzi adamlar partiya quruculuğunda hakimiyyətin təziq imkanlarından ehtiyyat edir, buna görə də partiyaya gəlməkdən çəkinirlər. Bir sıra məsələlər diqqətə çatdırılıb, o cümlədən, Baharlı qəsəbəsinə gedən yolun bərbad vəziyyəti ilə bağlı, Quzanlı qəsəbəsində orta məktəb problemi ilə bağlı və digər məsələlər gündəmə gətirilib. Bu məsələlərin həlli üçün partiyanın imkanlarından istifadə olunması təklif olunub.

Partiyanın rəhbəri A.Nağı sonda çıxış edərək deyilən təklifləri ümumiləşdirib müəyyən addımların atılması üçün, problemlərin ictimailəşdirilməsi üçün tədbirlər görəcəklərini bildirib.

Seymur Bənnayev, 

SİTAT.İNFO 

 




Xəbər xətti