Sitat.info türkoloq alim, professor Firudin Cəlilovla müsahibəni təqdim edir:
- Firudin müəllim, Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücuma münasibətiniz necədir, bunu necə qiymətləndirirsiniz?
- Təəccüblü bir şey yoxdur, biz İrandan danışırıq. Əvvəla, səfirliyimizə edilən alçaq hücum terror aktıdır. Bunun başqa adı yoxdur, ola da bilməz. Bəli, İranda müxtəlif qüvvələr var, hətta hakimiyyətdə olan qüvvələr daxilində ciddi qarşıdurmadan danışmaq mümkündür. Çünki hakimiyyət uğrunda mübarizə gedir. Ona görə də tərəflərdən biri Azərbaycan səfirliyinə terror aktını işləyib hazırlaya bilərdi. Hər halda bu versiya da araşdırılmalıdır.
İkincisi, səfirliyə hücum etmək, orada olan əməkdaşlara qarşı qətliam təşkil etmək dünyada terror hücumu sayılır, belə qəbul olunur. Bununla bağlı Vyana konvensiyası var, beynəlxalq öhdəliklər mövcuddur. İndiki halda İran üzərində götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu mənada indi İranın düşdüyü durum onlar acısından heç də xoşagələn hal deyil.
Üçüncüsü, hadisədən sonra İrandakı bir neçə hərbi obyekt vurulub, amma kim tərəfindən vurulduğu konkret məlum deyil. Əlbəttə, bunu türklərin ayağına bağlamaq cəhdləri də ola bilər. Amma bir daha qeyd edim ki, İranda hakimiyyət uğrunda mübarizə gedir, təkcə İran daxilində deyil, onun xaricində də terrorist qruplar var. Bu hücum onların da işi ola bilər. Məncə, yaxın günlərdə bu məsələ də aydınlaşacaq.
Nəhayətdə İranda həm də zəlzələ olub, dağıntılar var. Diqqətlə baxanda görürsən ki, İrana sanki bədbəxtlik dalbadal göndərilir. Bu da mollaların apardığı yanlış siyasətin nəticəsidir. Bel siyasətlə təkcə region üçün deyil, dünya üçün təhlükə ortaya qoyurlar. Hər halda bizim səfirliyimizə hücum dünya tərəfindən pislənir və ittiham olunur. Hesab edirəm ki, İran istisna olmaqla digər dövlətlər və ölkələr ortaya real mövqe qoymaqda davam edirlər.
- Azərbaycan səfirliyinə hücum edən İran və ya onun hansısa strukturu istədiyi nəticəni əldə edə bildimi?
- İran tərəfinin ilk açıqlamaları çox gülməli və biabırçı oldu. Guya bizim səfirliyi inzibati binasında onun xanımını saxlayırlar, buraxmırlar və s. Bu da o səbəbdən səfirliyə gələrək terror törədib. Bu, ağlasığmaz fantastik nağıldır. Görünür, İran rəsmiləri bu durumla qəfil rastlaşdıqları üçün aid edə bilməyiblər ki, hadisəni hansı aspektdən açıqlasınlar. Ona görə belə dolaşıq iddialar ortaya atıblar.
- Bəlkə, hadisənin motivini dəyişdirmək, başqa rakusda təqdim etmək niyyəti var...
- Sözsüz ki, belə niyyət və istəkləri olmamış deyil. Elə terror aktını məişət zəminində təqdim etmək bunun göstəricisidir. Aydındır, terrorçunu ədalət arayışında olduğu üçün səfirliyə hücum etdiyi mənzərəsini yaratmaq niyyətində ola bilərlər. Amma bir daha deyirəm ki, bu hücumun başqa adı yoxdur, ola da bilməz. Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumudur. İran mollaları bu imicdən qaçmaq üçün məişət nağıllarını ortalıqda fırladırlar. Amma keçməyəcək.
- Terror hücumundan sonra Azərbaycan tərəfinin reaksiyasını necə qiymətləndirmək olar?
- Azərbaycan situasiyaya uyğun addımlar atıb, dərhal olayı haqlı olaraq terror hücumu kimi qiymətləndirib. Hesab edirəm ki, görülən tədbirlərin hamısı düzgündür. Eyni zamanda hesab edirəm ki, bizim Tehranda səfirliyimiz, Təbrizdə konsulluğumuz olmalıdır. Orada bizim milyonlarla soydaşımız var. Əlbəttə, hazırda diplomatlarımız oradan təxliyə edilib. Bunun da səbəbi odur ki, İran beynəlxalq öhdəliklərə baxmayarq diplomatların təhlükəsizlik fəaliyyətinə şərait yarada bilmir. Həmçinin bundan sonra səfirliklərimizin qorunmasına ciddi diqqət edilməli, bunu tamamilə səfirliyimizin fəaliyyət göstərdiyi ölkələrin ümidinə buraxmamalıyıq. Bəllidir ki, səfirliyin qapısı çox mürəkkəb mexanizmlə idarə olunur. Görünür, terrorçu və onu planlaşdıranlar belə məqamları da nəzərə alıblar. Hər halda terror aktı pislənməlidir. Bizim səfirliyin əməkdaşı şəhid olub, daha iki yaralımız var. Bunlar ciddi məsələlərdir və İran ciddi düşünməlidir.
- Bundan sonra Azərbaycan-İran münasibətləri necə olacaq?
- İran elə durumdadır ki, onun bu saat Azərbaycanla mübarizə etməyi, müharibə aparmağı ziyanınadır. İran rəhbərliyi bilir ki, Azərbaycanın arxasında Türkiyə, Pakistan var. Eləcə də mümkün hərbi qarşıdurmada istər-istəməz İsrail və digər ölkələrdən dəstək alacağıq. Yəni Azərbaycanla hərbi qarşıdurmaya getmək İranın sonu anlamına gələ bilər. Bəli, mollalar bunu çox yaxşı anlayırlar. Amma İran mövzunu dəyişmək, əhalini etirazlardan çəkindirmək və diqqəti yayındırmaq məqsədilə hansısa ölkə ilə müharibəyə girə bilər. Ya ərəblərlə, ya İraqla, ya da başqası ilə. Odur ki, prosesləri diqqətlə izləmək lazımdır.
Amma İranın bizə qarşı düşmənçilik etməsi yeni məsələ deyil, buna normal baxılmalıdır. Bu münasibət yeni ortaya çıxmayıb. Ərəblər Sasaniləri dağıdan gündən farslar düşünüb ki, hakimiyyət əldən çıxdı, türklər mənimsədi. Bununla da türkə münasibətdə düşmənçilik başlayıb. Yəni min ildir. 1925-ci ildə hakimiyyəti türklərdən aldıqdan sonra bu münasibəti dövlət siyasəti səviyyəsində aparırlar. İranın Ermənistana dəstəyi dünənin məsələsi deyil, bu illərin işidir və həm də təsadüfi deyil. Yəni bizə qarşı düşməni münasibətlərinin ortaya qoyublar.
- Sizcə, səfirliyimizə xain hücum İran dövləti tərəfindən ədalətli şəkildə araşdırılacaq?
- Hesab edirəm ki, onlar heç cür ədalətli araşdırmaq istəməzlər, amma bunu etməyə məcburdurlar. Yəni ortaya münasibət, ağlabatan izahat qoymalıdırlar. Nə vaxta qədər oyun oynaya bilərlər? Biz də tələb edirik ki, əsaslı izahat versin, səfirliyimizə hücumun səbəblərini ortaya qoysunlar.
//Teleqraf.com