Ötən il Qarabağın bərpası üçün büdcəyə ciddi qənaət edilib: İqtisadçı detalları açıqladı

20:19 31 Yanvar 2023

"Maliyyə naziri dünən açıqladı ki, Qarabağda aparılan bərpa işləri üçün proqnozda nəzərdə tutulan 2.670 mlrd. manata qarşı faktiki olaraq 61% çox - 4.315 mlrd. manat xərclənib. Bu, büdcənin təxminən 14%-nə bərabərdir. Büdcənin faktiki cəmi xərcləri (32.3 mlrd. manat) proqnozdan cəmi 240 mln. manat çox olub. Bu halda sual yaranır ki, əgər ümümi faktiki xərcləmələr proqnozdan 240 mln. manat çox oluğu halda ərazilərin bərpası üçün əlavə 1.4 mlrd. manatın mənbəyi nədir? Təbii ki, qənaət".

Sitat.info xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, il ərzində funksional bölmələr üzrə 1.4 mlrd. manatdan artıq vəsaitə qənaət olunub və "Büdcə sistemi haqqında" Qanunun 19.6-cı maddəsinə əsasən dövlət büdcəsinin ehtiyat fondu vasitəsilə Qarabağda bərpa layihələrinə yönəldilib: "Nəticədə ehtiyat fondları üçün təsdiqlənən məbləğ faktiki icra mərhələsində 3 dəfədən çox artıb və 1.975 mlrd. manata çatıb.

Qənaətin ayrı-ayrı funksional bölmələr üzrə məbləği aşağıdakı kimidir: Səhiyyə xərcləri üzrə - 291 mln. manat, sosial müdafiə xərcləri üzrə 265 mln. manat, ümumdövlət xidməti xərcləri üzrə 256 mln. manat, təhsil üzrə 190 mln. manat, müdafiə üzrə 189 mln. manat, məhkəmə və hüquq-mühafizə üzrə 115 mln. manat".

İqtisadçı bu nüansı mənfi qiymətləndirib: "Real büdcə islahatlarının baş verdiyi, xüsusən nəticə əsaslı proqram büdcəyə keçidin tam təmin edildiyi, BVF-nin maliyyə statistikasına uyğun funksional təsnifatın tətbiq edildiyi şəraitdə maliyyə ili içərisində büdcə xərclərinin strukturunda bu cür kəskin dəyişiklər etmək imkanı xeyli dərəcədə məhdud olur. Bu səbəbdən rəsmi bəyanatlara, hətta bu istiqamətdə müəyyən real addımlara baxmayaraq, yaxın illərdə Azərbaycanda nəticə əsaslı proqram büdcə sisteminin yaradılması baxımından çox bədbinəm".

Nərgiz,

Sitat.info



Xəbər xətti