"Hansısa saytlar bağlansa, gedib yenisini yaradacaqlar" - Qulu Məhərrəmli media reyestrindən danışdı

17:39 3 Fevral 2023

Artıq bir neçə aydır ki, ölkədə media qurumlarının fəaliyyətinin tənzimlənməsi məqsədi ilə Media Reyestri yaradılıb. Bir çox media qurumları reyestrdən keçsə də, keçə bilməyən saytların rəhbərləri hazırda bu prosesdən narahatdırlar. Çünki agentliyin rəhbəri çıxış edərək, nəzərdə tutulmuş müddətin sonunda reyestdən kənarda qalanların fəaliyyətinə məhkəmələrin qərar verəyəcini ifadə edib. 

Bu baş verərsə, nə ilə nəticələnəcək?  

Bu sualları Sitat.info-ya açıqlamasında cavablandıran media eksperti Qulu Məhərrəmli bildirdi ki, media qurumlarının hamısı reyestrdən keçməlidir: "Bu məsələdə mənim mövqeyim ondan ibarətdir ki, media qurumlarının hamısı reyestrdən keçsinlər. Bunun üçün maneə yaradılmamalıdır. Media qurumlarının reyestrdən keçməsinin statistik əhəmiyyəti var. Müəyyən məlumat bazasının yaradılması üçün bu çox əhəmiyyətlidir. İstənilən halda media qurumu haradadır, orada kimlər çalışır və sair bununla bağlı bilgilər olmalıdır. Bu qanunda da göstərilib, Medianın İnkişafı Agentliyi bununla bağlı öz tövsiyələrini verib, prosedurlar müəyyənləşib". 
Q.Məhərrəmli bildirdi ki, hansısa saytların bağlanması nəticə verməyəcək: "Çalışmaq lazımdır ki, müəyyən olunan müddətə qədər reyestrdən keçilsin. Amma, keçə bilməyənlərlə bağlı ciddi problemlər görünmür.  Bütün hallarda konkret zamanı uzatmağa ehtiyac olacaq, çünki sənədlər düzəlməlidir və sair . Vaxt veriləcək ki, həmin media subyektləri çatdıra bilsinlər. Keçə bilməyənlər bağlanacaq, ya yox, bununla bağlı bir söz deyə bilmərəm. Əgər bağlansa həmin adamlar gedib yenisini yaradacaqlar. Bu bir nüvə reaksiyası kimi bir şeydir. Ən yaxşı variant odur ki, bütün media qurumlarının qeydiyyatdan keçərək reyestrə daxil olsun  və öz məlumatlarını uyğun müvafiq mərkəzə göndərə bilsinlər". 

Sevinc Cavadzadə,

Sitat.info



Xəbər xətti