Qardaş Türkiyədə episentri Kahramanmaraşda olmaqla 11 şəhərdə baş verən və məhəllələri yerlə yeksan edən zəlzələdən sonra yaşanan humanitar fəlakət Azərbaycan dövlətini və xalqını da hərəkətə keçirib. Dövlət rəhbərliyi və ölkə ictimaiyyəti Türkiyəyə yardım üçün ayaqdadır. Bir tərəfdən prezident İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində hər cür yardımlar edilir. Digər tərəfdən əhali Türkiyənin Bakıdakı səfirliyinin çağırışına cavab olaraq 2 gündür ki, əlində yardım qutuları ilə yardımtoplama mərkəzlərinə axın edir.
Ötən gün ünvan kimi Doğtaş mebel mağazası göstərilmişdi. Gələn yardımlarla mağazanın anbarı və yaxınlıqdakı körpünün altı dolub-daşdı. Bu gün səhər saatlarında ünvan dəyişdi və yardımsevərlər üçün Heydər Əliyev adına İdman Konsert Kompleksi açıldı. Bu gün isə kompleksə ərazisi yardımla doldu, kompleksə gedən yolun kənarlarına yardım qutuları toplanmağa başladı. Yolların kənarı üst-üstə qalaqlanmış isti geyim, yorğan-döşək, ən zəruri ehtiyac malları ilə doludur.
Bu misli görünməmiş qardaş dəstəyindən təsirli görüntüləri Sitat TV-nin əməkdaşı lentə alıb. Həmin kadrları təqdim edirik.
Səid İsaoğlu,
Sitat.info