Avropadan Türkiyəyə komanda göndərən ölkələrin sayı 24-ə yüksəlib

16:27 9 Fevral 2023

Kahramanmaraşda baş verən zəlzələlərə görə Avropadan Türkiyəyə axtarış-xilasetmə qrupları və tibbi qruplar göndərən ölkələrin sayı 24-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasından verilən açıqlamaya görə, mərkəzi Kahramanmaraş olan, 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Aİ Mülki Müdafiə Mexanizmi, Avropa İttifaqına üzv 21 ölkə və Albaniya, Monteneqro və Serbiyadan 38 qrup Türkiyəyə göndərilib.

Bu qruplarda axtarış-xilasetmə işçiləri və tibb mütəxəssisləri də daxil olmaqla 1650 nəfərin olduğu, 104 axtarış-xilasetmə itinin də qruplara daxil edildiyi bildirilib.

Avropa ölkələrindən gələn qrupların işi nəticəsində indiyədək dağıntılar altından 36 nəfərin xilas edildiyi bildirilib.

Bundan başqa, Aİ-nin Türkiyəyə yardım çərçivəsində indiyədək 500 müvəqqəti yerləşdirmə vahidi, 2000 çadır və 10500 çarpayı göndərilməsi üçün fəaliyyətə keçdiyi bildirilib. Bildirilib ki, prefabrik evlərdə 5 nəfər, çadırda isə 4 nəfər qala bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti