“Bu anı avrokubokda etdiyim feyr-pley epizodu ilə müqayisə etməyək”.
Sitat.info-nun məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis maraqlı görüş alındığını söyləyib və futbolçularından razılıq bildirib: “Ədalətli nəticə bərabərlik idi”.
Ağdam klubunun baş məşqçisi “Sabah”ın etiraz etdiyi mübahisəli penalti epizodu barədə də fikirlərini bölüşüb: “Həmin epizoda yenidən baxmaq lazımdır. Ən ədalətli insanlar hakimlər olmalıdır. Xahiş edirəm ki, bu anla mənim avrokubokda etdiyim feyr-pley epizodunu müqayisə etməyək”.
Q. Qurbanov UEFA Konfrans Liqasında Belçika klubu “Gent”lə keçiriləcək oyunöncəsi qapı xətti ilə bağlı narahat olmadığını əlavə edib: “Biz “Gent”lə oyunda meydana Amin Ramazanovla çıxmağa qorxmuruq. Rəqib yaxşı komandadır və güclü liqada mübarizə aparır. Hansı rəqibə qarşı oynasaq da, sonadək mübarizə aparacağıq. Meydana çıxan bütün futbolçulara inanıram. Bu gün qapını Aminə tapşırdıq. Rəqibin oyununa yenidən baxacaq və daha sonra start heyəti ilə bağlı qərar verəcəyik. “Gent”lə matçda istənilən futbolçunun çıxış etmək ehtimalı var”.