ABŞ XİN: Zəlzələ sadəcə Türkiyə və Suriyaya deyil, dünyaya da təsir etdi

14:50 14 Fevral 2023

ABŞ XİN-in sözçüsü Ned Price, Kahramanmaraşdakı zəlzələlərin şiddətinə toxunaraq bildirib: “Bu zəlzələnin səbəb olduğu dağıntılara və insan tələfatına baxdığımızda, bu zəlzələ təkcə Suriya və Türkiyəni deyil, dünyanı da təsirləndirdi".

Sitat.info xəbər verir ki, Ned Price mətbuat konfransında Türkiyədə baş verən və Suriyanı da vuran zəlzələlərə toxunub: “Ölənlərin sayının artdığını görməyə davam edərkən, Türkiyə və Suriya xalqına bir daha səmimi başsağlığı vermək istərdim. Bu faciənin görüntüləri çox dərindir və biz ehtiyacı olanlara kömək etmək üçün hər gün çalışırıq. Onun yaratdığı dağıntılara və insan həyatındakı itkilərə nəzər salsaq, bu zəlzələ təkcə Suriya və Türkiyəni deyil, bütün dünyanı təsirləndirib”.

ABŞ-ın axtarış-xilasetmə və yardım səylərini dəstəkləməyə və əlavə avadanlıq və qaynaqları səfərbər etməyə davam etdiyini bildirən Prays bildirib ki, çətin şəraitdə gecə-gündüz çalışan yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndiririk.

Price: "Dostumuz və müttəfiqimiz olaraq hər addımda Türkiyənin yanında olacağıq. Eyni mesajı sizə, Suriya xalqına da göndəririk. Birləşmiş Ştatlar ABŞ tərəfindən maliyyələşdirilən humanitar tərəfdaşlar vasitəsilə yardımı səfərbər etməkdə davam edir",-deyə əlavə edib.

Pricenin açıqlamasından sonra Türkiyə və Suriyaya edilən yardımlar da daxil olmaqla ABŞ Dövlət Departamentindən yazılı açıqlama verilib. Bəyanatda deyilir: “Fevralın 6-da Türkiyənin mərkəzi hissəsində, Suriya sərhədi yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib, ardınca onlarla şiddətli zəlzələ baş verib. Görüntülər və hekayələr ürəkağrıdıcı, insan itkisi və dağıntılar şok edicidir. Həm Türkiyədə, həm də Suriyada əlimizdən gələni etmək əzmindəyik və bu əməliyyatların fövqəladə axtarış-xilasetmə mərhələsindən çıxdığımız zaman gələcək günlərdə daha çox sözümüz olacaq".

Açıqlamada, ABŞ-ın Türkiyədəki axtarış-xilasetmə işlərində iştirak etmək üçün indiyədək 150-dən çox axtarış-xilasetmə personalı və itlər təyin etdiyi, helikopterlərin Türkiyənin çətin olan ərazilərə çatmaq səylərini dəstəkləmək üçün vəzifələrə cəlb edildiyi bildirilib. Həm Türkiyədə, həm də Suriyanın şimal-qərbində transsərhəd işləri dəstəkləmək üçün daha geniş cavab qrupunun sahədə olduğu da bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti