Mirzoyan: Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq

14:09 15 Fevral 2023

Xarici işlər naziri Mövlud Çavuşoğlu və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, birgə mətbuat konfransında iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.

Sitat.info xəbər verir ki, Mövlud Çavuşoğlu açıqlamasında bildirib: "Ermənistan tərəfi əlavə yardım göndərəcəklərini bildirdi. Bunun üçün sizə təşəkkür edirik. Ermənistan bu çətin gündə həmrəylik və əməkdaşlıq nümayiş etdirdi. Gölcük zəlzələsində də həmrəylik nümayiş etdirmişdi. Ermənistan da zəlzələ zolağındadır. 1988-ci il Spitak zəlzələsi hələ də yaddaşlardadır. Türkiyənin yardımı o zaman Əlican Sərhəd qapısından göndərilmişdi. İllər sonra həmin sərhəd qapısından Ermənistanın yardımı gəldi. Bu həmrəyliyi davam etdirmək lazımdır. Cənubi Qafqazda normallaşma prosesi davam edir.

Ermənistanın Türkiyə və Azərbaycanla normallaşma prosesi regionun sülh və rifahına töhfə verəcək. Bu gün normallaşma prosesi, Azərbaycan danışıqları barədə məlumat aldıq. Bu üç ölkə səmimi addımlar atsa, Cənubi Qafqazda davamlı sülh qura bilər.

Normallaşma üçün atılacaq addımlardan biri də tarixi İpək Yolu körpüsünün yenidən qurulmasıdır. İşimiz davam edir, hər iki tərəfin analizləri var. Atılacaq addımları sürətləndirmək üçün razılaşdıq. Bu çətin günlərdə bizə verdikləri dəstək son dərəcə mənalıdır”.

Ararat Mirzoyan da öz açıqlamasında bildirib: "Ermənistan adından bir daha Türkiyə hökumətinə və türk xalqına ən xoş arzularımı çatdırıram. Dünya bu fəlakətlərin öhdəsindən gəlmək üçün tək cəbhə olmalıdır. Ermənistan hökuməti dəhşətli zəlzələdən dərhal sonra Türkiyəyə humanitar yardım və axtarış-xilasetmə qruplarını göndərdi. Komandalarımızla bağlı təşəkkür sözlərinə görə nazir Çavuşoğluna təşəkkür edirəm".

"Adıyamana yardım gətirmək üçün 30 ildir bağlı olan sərhəd qapısı şənbə günü açılıb. Yardımın ikinci hissəsi tezliklə Adıyamana çatacaq. Bu çətin anda Türkiyədə olmaqla Ermənistanın Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazır olduğunu və istəyini bir daha təsdiqləmək istərdim”,- Mirzoyan əlavə edib.

Məğrur

Sitat.info



Xəbər xətti