Belarus prezidenti Aleksandr Lukaşenko yalnız Belarusa hücum olacağı təqdirdə ruslarla birlikdə döyüşə biləcəklərini bildirib.
Sitat.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko, paytaxt Minskdə xarici jurnalistlərlə mətbuat konfransı keçirib.
Lukaşenko Belarusun Rusiya ilə müharibəyə qoşulma ehtimalı ilə bağlı deyib: “Yalnız bir halda mən ruslarla birgə döyüşməyə hazıram: əgər bir əsgər belə mənim xalqımı öldürmək üçün silahla torpaqlarımıza gəlsə”. Ölkəsinə hücum olacağı təqdirdə ən sərt şəkildə cavab verəcəklərini dilə gətirən Lukaşenko, bu halda müharibənin tamamilə fərqli bir xarakter alacağını bildirib.
Qeyd edək ki, Rusiya qoşunlarının yerləşdiyi Belarus, Rusiyaya Ukraynaya qarşı hücumlar üçün öz ərazisindən istifadə etməyə icazə vermişdi. Lukaşenko, bundan əvvəl qoşunlarını Ukraynaya göndərməyəcəyini bildirmişdi. Lakin Rusiya və Belarusun mütəmadi olaraq keçirdiyi birgə hərbi təlimlər Belarusun Ukraynadakı müharibəyə qoşulacağına dair narahatlıqları artırır.
Seymur Bənnayev
Sitat.info