Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dağıntılar altında çəkdiyi və hallalıq istədiyi video ilə gündəmə gələn Fatma Kurt başına gələnləri danışıb.
Qadın əri və 3 uşağı ilə birlikdə dağıntılar altında qalıb. Bir daha dağıntılar altından çıxa bilməyəcəyindən qorxaraq cib telefonunun kamerası ilə video çəkdirərək vəsiyyət edib.
Sitat.indo xəbər verir ki, Fatma Kurt yaşadığı o qorxulu anları danışıb.
Kahramanmaraş'ın Onikisubat rayonunda yaşayan Fatma Kurt əri Adil Kurt, oğulları Ahmetcan, Bilal Efe və Mustafa Kurt ilə birlikdə dağıntılar altında qalıb. Dağıntılar altında xilas olunmağı gözləyən Kurt ailəsi həmin vaxt mobil telefon kamerası ilə video çəkərək vəsiyyət qoyub. Dağıntılar altında çəkdiyi video ilə vəsiyyətini qoyan Fatma Kurt sevdiklərinə və borc aldığı adamlara səslənərək halallıq istəyib.
Qəzadan təxminən 10 saat sonra Fatma Kurt, əri Adil Kurt, 2 uşağı Əhməd Can və Mustafa Kurt sağ-salamat xilas edilib, Kurt ailəsinin 12 yaşlı oğlu Bilal Efe Kurt isə həyatını itirib.
Həmin vaxt ölümü düşündüyünü ifadə edən Fatma Kurt bunları deyir: "Ölümdən sonra geridə qalacaq şeyləri, borclarımızı, yetim uşaqların haqlarını düşündüm. Məni üzən öz borcum deyildi. Başqalarının haqqı idi. Bilmirəm, o qədər təsvir olunmaz ağrıdır. Evin dağıntıları altında qaldıq. Yardım gözlədik, gəlmədi. Əvvəlcə ümidimiz vardı, amma sonra ümidimizi kəsmişdik. Çox çətin olduğunu düşündük. Üstümüzdə 4 mərtəbə vardı. Beton bizim üzərimizdə idi. . Öləcəyimizi düşündük. Amma qohumlarımız bizi xilas etdilər. Bu hadisədən sonra saysız-hesabsız zənglər oldu. Hər kəsə çox təşəkkür edirəm. Məni qiymətləndirirlər. Maddi və mənəvi dəstək olmaq istəyirlər. Evini açmaq istəyənlər var, amma mənim başımı qoya biləcəyim evim var. Mən indi başqa heç nə istəmirdim. Dağıntılar altında qaldığım üçün bir az yorulmuşam, amma hazırda yaxşı formadayam".
Dağıntılar altında 3 oğlundan birini itirdiyini, ancaq hələ də onun meyitinin tapılmadığını deyən kədərli ana Fatma Kurt, öz vəziyyətindən danışıb: "Həyat yoldaşımın beli sınıb, xəstəxanaya apardıq. Mənim də belim ağrıyırdı. Mən də müayinə olunacaqdım, amma başqalarının yaralarını görəndə ayaq üstə durduğum üçün kiminsə haqqına girmək istəmədim. Mən müayinədən keçməmişəm. Bu yaşadıqlarımız sözlə izah edilə bilən bir şey deyil. Diri-diri basdırılırsan, yanında isə körpən cansız yatır. Nə gözəl həyatımız var idi, amma hər şey dağıldı. Mən bilmirəm nə edim. Hazırda iki oğlum üçün həyatda qalxmağa çalışıram".
Nərgiz,
Sitat.info