Sənətçi Tarkan zəlzələ fəlakətindən sonra rəsmiləri sərt şəkildə tənqid edərək bildirib: "Bu millət etinasızlığın əvəzini bir daha canı ilə ödədi. Millətimiz buna layiq deyil". Tarkan, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra sosial media hesabından paylaşdığı paylaşımda kədərləndiyini bildirib və "minlərlə insanın ölümünə səbəb olanlar deyil, köməyə gələnlər yandırılır" deyib.
Sitat.info xəbər verir ki, Sənətçi Twitter hesabında yayımladığı uzun açıqlamada bu ifadələrdən istifadə edib:
"Bilirəm ki, bu dəfələrlə vurğulanıb, amma bunu deməyə bilmərəm. Zəlzələ ölkəsi olan ölkəmizdə rəsmilər elm adamlarının xəbərdarlığına qulaq asıb, əvvəlcədən lazımi ehtiyat tədbirləri görsəydi, zəlzələ bu qədər dağıntılara səbəb olmazdı. Bu millət səhlənkarlığın əvəzini bir daha canı ilə ödədi.
Millət olaraq ürəyimiz yanarkən, hamının bir ürəyə çevrildiyi bir vaxtda axtarış-xilasetmə qrupları, qeyri-hökumət təşkilatları, vətəndaşlar ümidləri yaşatmaq üçün günlərlə mübarizə apararkən, hakimiyyətdən heç kim səmimi bir kədər ilə əlini ürəyinin üstünə, vicdanına qoyub səhvlərini, səhlənkarlıqlarını qəbul etmir. Əksinə, minlərlə insanın ölümünə səbəb olanları yox, köməyə gələnləri yandırırlar. İnanılmaz... Ayıbdır.... Millətimiz buna layiq deyil”.
Seymur Bənnayev
Sitat.info