Xəbər verdiyimiz kimi, dünən Hatayda zəlzələdən 261 saat sonra 2 nəfər xilas edilib. Onlardan biri 33 yaşlı Mustafa Avcı adlı şəxs olub.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz tviter hesabında Mustafanın tibbi müayinədən sonra ilk videosunu paylaşıb.
Nazirin sözlərinə görə, o, telefon nömrəsini xatırladığı Kadir adlı yaxınına zəng edib. Kadirlə Mustafa arasında telefon danışığını əks etdirən görüntülər sosial mediada maraqla qarşılanıb. Belə ki, Kadirin Mustafanın sağ olduğunu öyrəndikdə göz yaşlarına hakim ola bilməməsi diqqət çəkib.
Mustafa telefon danışığı zamanı yaxşı olduğunu və heç bir probleminin olmadığını bildirib. O, bunun ardınca anasının və yaxınlarının taleyi barədə maraqlanıb. Yaxını isə Avcının ailəsinin xilas olduğunu və yaxşı olduqlarını deyib.