Rusiyanı tərk edən məşhurların, o cümlədən Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinova və digərlərinin sırasına Xalq artisti Çulpan Xamatova, kinotənqidçi Anton Dolin və aktrisa - şair Vera Polozkova da qoşulub.
Bu barədə sənətçilər sosial şəbəkədə məlumat yayıb.
Xatırladaq ki, bir neçə gün öncə Çulpan Xamatova öz İnstagram səhifəsində Putinə məktub yazaraq, müharibənin əleyhinə olduğunu bildirmişdi.
Hazırda Latviyada olduğunu bildirən Anton Dolin hazırsa Latviyada olduğunu, baş verənlərə görə Rusiyada qala bilmədiyini qeyd edib:
"Ağzını bağladıqları bir məmləkət, doğma olsa da yaşamaq mümkün deyil. Xüsusən də yeganə vasitəsi söz olan insan üçün. Ukraynada insanların öldürüldüyü bir vaxtda insanların planlarını müzakirə etməyə, filmlərə baxmağa, premyeralara getməyə davam etdiyi Moskvanın havasında nəfəs ala bilmədim".
Vera Polozkova isə qeyd edib:
"Uçduq. Çox acı bir həftə idi. Doğum günündə dostlarımı yığıb onlarla vidalaşmaq çox ağrılı idi, çünki seçim qalmamışdı. Mənim ölkəmdə nə siyasət, nə jurnalistika, nə də fəaliyyət göstərən hüquqi institut var. Amma dövlət xalqla bərabər deyil. Mənim xalqım üçün qərar verən insanlar qanunsuz hakimiyyətdədirlər: on ildir ki, ədalətli seçkilər keçirilmir. Ona görə də onların yeganə silahı yalandır. İnanıram ki, bu həmişə belə olmayacaq".