BMT Təhlükəsizlik Şurasından Şimali Koreyaya çağırış

11:56 21 Fevral 2023

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild BMT Təhlükəsizlik Şurasını Şimali Koreyanın son raket sınaqlarına qarşı tədbir görməyə çağıraraq bildirib: “İki üzv dövlət (Çin və Rusiya) Şuranın mandatını yerinə yetirməsinə mane olmağa davam edərsə, Şimali Koreya meydan oxuyaraq yeni silahlar təqdim edəcək, sınaqları davam etdirəcək”.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ), Şimali Koreyanın son raket sınaqlarını müzakirə etmək üçün iclas keçirib. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild üzv dövlətlərin nümayəndələri qarşısında çıxışında ABŞ-ın Şimali Koreyanın fevralın 18-də və 19-da həyata keçirdiyi raket sınaqlarını kəskin şəkildə pislədiyini bildirib.

“Şimali Koreyanı raket sınaqlarının nəticələrindən qoruyanlar Asiya regionunu və bütün dünyanı münaqişə riski qarşısında qoyurlar”, - Qrinfild bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası keçən il Şimali Koreyadan gələn təhlükəsizlik təhdidini müzakirə etmək üçün 10 iclas keçirmişdi. Lakin bütün görüşlər şuranın veto hüququna malik daimi üzvləri olan Çin və Rusiyanın müxalifəti səbəbindən nəticəsiz qaldı.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti