Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının sədri, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilir.
Sitat.info xəbər verir ki, məsələyə Milli Məclisin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında baxılıb.
Komitə sədri Əli Hüseynli S.Bəktaşinin təyini ilə bağlı məsələni təqdim edib. O, Səadət Bəktaşinin məhkəmə sistemində fəaliyyəti barədə ətraflı məlumat verib.
Onun öz peşəsinə məsuliyyətlə yanaşdığını, icra etdiyi vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. Əli Hüseynli Naxçıvanda həyata keçirilən islahatların həm də məhkəmə-hüquq sistemini əhatə etdiyini söyləyərək, bu baxımdan S.Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduqda, öz təcrübəsindən istifadə edərək bu islahatlara öz töhfəsini verəcəyini deyib.
Komitə üzvləri və Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin hazırki fəaliyyətini və yeni təyinatını təqdirəlayiq hesab ediblər.
Məsələ sonda parlamentin plenar iclasına tövsiyə olunub.