Neçə onillikdir ki, dünya ölkələrinin ən sanballı elmi mərkəzləri, tanınmış alimlər, ictimai təşkilatlar təbiətdə ekoloji tarazlığın pozulmasından, bunun insanların həyatına vurduğu zərərlərdən həyəcanla danışır, siyasiləri və dövlət rəhbərlərini bu istiqamətdə fəal və təsirli tədbirlər görməyə çağırırlar. Söhbət ilk növbədə, təbiətdə həyatımız üçün vacib faydalı yataqların istismarı zamanı ətraf mühitin çirklənməsinin maksimum azaldılması, tullantısız texnologiyaların inkişafı, sənaye sahələrinin yüksəlişi ilə əlaqədar dağıdılmış torpaq resurslarının, bitki örtüyünün və sairənin bərpasından gedir. Bütün bunlar yerdə həyatın gələcək inkişafı və insanların sağlamlığı üçün zəruri amillərdir. Təəssüf ki, dünyada gedən siyasi proseslər, başqa sözlə, yeni ərazilər ələ keçirmək, digər dövlətlər üzərində hegemonluq etmək məqsədilə davamlı olaraq baş verən müharibələr nəticəsində ekoloji terror dayanmaq bilmir və nəticədə dəhşətli hadisələr baş verir.
Cənubi Qafqaz regionunda ekoloji və iqtisad terror daha geniş vüsət alıb. Regionda ekoloji vəziyyəti araşdıranda məlum olur ki, Ermənistan Respublikasında ekoloji tarazlığın pozulması ən yüksək həddədir və bu iş əslində ölkədə dövlət siyasətinin mühüm qoludur. Belə ki, Ermənistan ətrafındakı ölkələrə qarşı haqsızlıqla ərazi iddiası irəli sürür. Bu niyyətini həyata keçirmək üçün iqtisadi və hərbi gücü olmadığından ekoloji və iqtisadi terrordan istifadə edir.
Ermənistanın coğrafiyasına nəzər salanda aydın görünür ki, ərazisi yüksək dağlıq məkanda yerləşir. Bu isə o deməkdir ki, mənbəyini həmin ərazidən götürən bəzi çaylar təbii axarı ilə sonradan qonşu ölkələrin ərazisinə keçir və düzənlikdəki daha iri çaylara qovuşur. Coğrafi ərazinin təbii landşaftının xarakterindən Ermənistan öz işğalçılıq siyasətində və azərbaycanlılara qarşı nifrət ideologiyasının həyata keçirilməsində istifadə edir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı “Report”a verdiyi müsahibəsində deyib: “Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrdə transsərhəd su axınları hesabına formalaşır. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır” (https://report.az/ekologiya/ermenistanin-oxcucayi-cirklendirmesi-ile-bagli-faktlar-aciqlanib/).
Mənbəyini Türkiyə ərazisindən götürən, Ermənistan ərazisindən keçərək Azərbaycan ərazisinə daxil olan və Araz çayına tökülən Oxçuçay bir əsrə yaxındır ki, respublikamızın ərazisinə çirkab daşıyır. Ancaq müstəqillik illərinin əvvəlindən, ermənilər Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayandan bu hal daha qərəzli və təcavüzkar xarakter alıb. Belə ki, hələ sovetlər dövründən ərazisindəki mis-molibden mədənlərinin istismarı zamanı əmələ gələn çirkli suları təmizləmədən Oxçuçaya axıdan Ermənistan hökuməti qəsbkarlıq siyasətinin bir qolu kimi ekoloji terrora başlayıb. Həm Oxçuçayın, həm də Arpaçayın sularını qəsdən çirkləndirməklə Azərbaycanda yaşayan əhalinin genofonduna mənfi təsir etmək məqsədi güdüb.
Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitunun “Elmi Əsərləri” kitabının 2017-ci il nəşrində deyilir: “Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Araz çayı Gümrüdən başlayaraq, Naxçıvan MR ilə sərhəd əraziyə kimi axın boyu Ermənistanın 10-dan çox sənaye şəhərnin məişət və sənaye çirkablarını qəbul edir. Düşmən ərazisindən Araza qovuşan Gedərçay, Vorotan, Axuryan çayları son dərəcə zəhərlənməyə məruz qalıb. Onların sularında, demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2,4-ə enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü demək olar ki, məhv olur. Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın suyunda fenollar 220-1160 dəfə, ağır metalların duzları 36-44 dəfə (mis, molibden və s.) azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mənşəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir” (AMEA Mikrobiologiya İnstitunun Elmi Əsərləri 2017_15_2.pdf).
“Ermənistan AES-in fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır, hər sutka ərzində Araza 12-16 min m3 çirkab axıdılır, onun gələcəkdə Araz və onun qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür. Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır” (AMEA Mikrobiologiya İnstitunun Elmi Əsərləri 2017_15_2.pdf).
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbələri işğaldan azad edilən Zəngilan rayonu ərazisindən axan yerli çaylarda monitorinqlər aparıb. Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Nazirliyin monitorinq hesabatlarına əsasən, “çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel - 7 dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trouit) kütləvi ölümü qeydə alınıb".
2021-ci martın 7-də ETSN tərəfindən Oxçuçay çayının Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycanın "Qırmızı kitab"ına daxil edilən 227 kiçik qızılxallı balıq və 330 şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib: "Balıqların ölümünə səbəb çayın suyundakı dəmir, mis, nikel, molibden və digər ağır metalların çoxluğu olub. Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri nazirliyin sifarişi əsasında Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunan və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb (“Societe General de Survelliance Azeri Ltd” LLJ ilə müqavilə əsasında)". https://report.az/ekologiya/ermenistanin-oxcucayi-cirklendirmesi-ile-bagli-faktlar-aciqlanib/.
ETSN-nin məlumatında bildirilir: Azərbaycan alimləri 1991-ci ilə qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasında 167 faydalı qazıntı yatağı kəşf edib və ehtimal olunan ehtiyatlar hesablanıb. 30 illik işğal dövründə erməni işğalçı rejimi tərəfindən qanunsuz olaraq bu yataqların bir çoxu, xüsusən də iri filiz yataqları istismar edilib.
ETSN-i tərəfindən aparılan araşdırmalar göstərir ki, işğal altında qalan ərazilərdə, o cümlədən “Qızılbulaq” və “Dəmirli” yataqlarında ətraf mühitə, ekosistemə, flora və faunanın təbii balansına hazırda da ağır zərbələr vurulub. Ermənistan və onun tərəfdaşları tərəfindən əlvan və qara metalların, habelə mineral su, Azərbaycan ərazisində faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilib. “Bu cür talançılıq zamanı heç bir ekoloji tələbə əməl olunmur, resurslar Azərbaycan qanunvericliyi və beynəlxalq standartlarla müəyyənləşdirilən istehsalat həcmlərini dəfələrlə aşmaqla hasil edilir, zəhərli tullantıların yerli sututarlara, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülmür. Bu isə mineral və digər yataqların məhvinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olur” https://report.az/ekologiya/ermenistanin-oxcucayi-cirklendirmesi-ile-bagli-faktlar-aciqlanib/.
Buy mövzu Azərbaycan mətbuatının daim diqqət mərkəzindədir. “Xalq qəzeti”nin bu istiqamətdə dərc etdiyi məqalədə deyilir: “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismar olunması fonunda erməni faşizminin yuxarıda qeyd edilən barbarlığına diqqət yetirək: “Lixtenşteyndə qeydiyyata alınan “Base Metals” şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndinin yaxınlığında yerləşən qızıl və mis yatağını heç bir əndazəyə sığmayacaq şəkildə mənimsəyərək, nəhayət, tükəndirməyə nail olub.
Ermənistanın “Hetq” nəşrində dərc olunan bir məqalədə deyilir ki, “Base Metals” bu səbəbdən 2013-cü ildə Kəlbəcərlə “vidalaşaraq” fəaliyyətini Ağdərə şəhəri yaxınlığında yerləşən “Qızılbulaq” mis-molibden mədəninin işlənməsində davam etdirir.
Yeri gəlmişkən, burada diqqətçəkən bir məqamı da xatırlatmaq istərdik. Belə ki, əldə etdiyimiz məlumata görə, yuxarıda vurğulandığı kimi, Ağdərə şəhəri ətrafında yerləşən “Qızılbulaq” qızıl yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılan sazişə uyğun olaraq “R.V. İnvestment” şirkəti tərəfindən istismar olunmalıdır. Lakin tərəflər arasında imzalanan saziş yatağın Rusiya sülhməramlı kontingentinin ərazisində yerləşdiyi üçün icra edilmir.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “R.V. İnvestment Group Services, LL USA” şirkəti arasındakı “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vejnəli qızıl-filiz yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü haqqındakı saziş”ə uyğun olaraq 2009-cu ilin iyulundan başlayaraq, Azərbaycanda qızıl hasil edilir. Ölkəmizdəki qızıl yataqlarının işlənməsi ilə bir neçə ildir ki, bu şirkət məşğuldur.
“Dəmirli” qızıl yatağı ilə bağlı isə onu deyək ki, bu ehtiyat da “Base Metals” şirkəti tərəfindən istismar olunurdu. Şirkət təkcə 2019-cu ildə Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəmişdi. Rejimin ixracının 60 faizi, ümumi gəlirlərinin 32 faizi məhz bu şirkət tərəfindən təmin edilirdi.
Azərbaycan Baş Prokurorluğu adı çəkilən şirkətin 2009-2017-ci illərdə “Qızılbulaq” yatağını amansız istismarı nəticəsində 178 milyon dollar qazandığını sübuta yetirib. “Base Metals”in sahibinin Rusiya vətəndaşı Valeri Meclumyan olduğu bildirilib.
Beləliklə, bu gün Qarabağda dağ-mədən sektorunda aparılan genişmiqyaslı biznes təkcə Ermənistanın siyasi liderlərini və “çirkli” “Base Metals”ı zənginləşdirmir, həm də bütün bölgənin ekologiyasına ciddi ziyan vurur” https://xalqqazeti.com/mobile/az/news/117984.
“İsrailin “Kohelet Policy Forum” (KPF) beyin mərkəzi Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən şirkətlərin fəaliyyəti haqqında araşdırma aparıb. Məlum olub ki, Avropanın bir sıra özəl qurumları tərəfindən törədilən cinayətkarlıq əslində bu torpaqlarda qeyri-qanuni məskunlaşmanın fəal şəkildə dəstəklənməsini şərtləndirir. Bu fəaliyyət, bir qayda olaraq, işğal edilmiş ərazidə təbii ehtiyatların işlənilməsini, işğalçı tərəfə infrastruktur dəstəyinin göstərilməsini və bütövlükdə qəsbkar rejimin həyat qabiliyyətinə iqtisadi dəstəyi özündə birləşdirir.
KPF-nin araşdırmasına əsasən, bu qeyri-qanuni fəaliyyətə cəlb olunan şirkətlər arasında bir çox iri və tanınmış brendlər də var. Məsələn, Almaniyanın illik gəliri 16,8 milyard ABŞ dolları olan “Aurubis AG” şirkəti dünyada ikinci ən böyük mis emalçısıdır. Şirkətin səhmlərinin ən azı dörddə-biri adı çəkilən ölkənin “Salzgitter AG” özəl qurumuna – dünyanın ən böyük polad istehsalçılarından birinə məxsusdur.
“Hər il “Aurubis” şirkəti Qarabağdakı qondarma rejimin vergilərinin 35 faizə qədərini ödəyir, “Vallex Group” erməni konqlomeratından 10 min metrik ton blister mis alır və idxal edir, habelə 1200-ə yaxın insanın işlə təminatını reallaşdırır”, – bu faktlar KPF-in hesabatında göstərilib. https://xalqqazeti.com/mobile/az/news/117984
Mətbuatda gedən məlumatlardan məlumdur ki, 44 günlük müharibə ilə ərazilərimiz işğaldan azad olunduqdan sonra "Vejnəli", "Söyüdlü", "Qızılbulaq" və "Dəmirli" iri filiz yataqlarının istismarını aparan xarici şirkətlər ölkədən uzaqlaşdırılıb. Həmin şirkətlər bunlardır: "Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold"; Hindistanın "Vedanta Resourcess". (https://fed.az/az/qarabag/isgal-dovrunde-yataqlarin-qanunsuz-istismari-ile-mesgul-olan-sirketlerin-adlari-aciqlanib-151968)
Erməni faşizmi ətrafda nə varsa hamısını məhv etmək ideyası ilə yaşayır. Onlar təbiətə də erməni olmayan insanlara bəslədikləri nifrəti bəsləyirlər. Xocalı şəhərində azərbaycanlıları vəhşiliklə necə ödürmüşdülərsə, təbiətə də o cür ziyan vururlar. Belə ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vuraraq ekoloji terror aktları törətməyi öz işğalçı strategiyasının bir qolu hesab edir, bunun həll yolu kimi kütləvi şəkildə meşələri yandırır, gözə dəyən yaşıllıqlara od vururlar. Bundan ötrü istifadə etdikləri fosfor bombaları ətraf mühitin zəhərlənməsinə səbəb olur. İşğal dövründə Azərbaycandakı milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulmuşdur. Şuşa şəhəri yaxınlığında meşə ərazilərindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yanmışdır. Nəticədə min illərdir formalaşan torpağın üst təbəqəsi tamamilə yanaraq öz münbitliyini itirib.
“Kiçik Qafqazın Qarabağ filiz rayonunda minerallaşmış mis yataqları yüksək perspektivə malikdir. Bu filiz rayonunda əsasən mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılıb. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları Dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir” (https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan%C4%B1n_faydal%C4%B1_qaz%C4%B1nt%C4%B1lar%C4%B1).
Azərbaycan Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev ötən il dekabrın 14-də “Sputnik Azərbaycan” informasiya agentliyinə verdiyi müsahibədə bildirmişdir ki, son zamanlar müvafiq qurumların verdiyi məlumata görə, müəyyən edilib ki, əsasən "Dəmirli" mis-porfir yatağında erməni işğalçı rejimi yenidən fəaliyyətini bərpa edib: “Yatağa yaxın ərazidən aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, "Dəmirli" yatağında çox geniş həcmli və ciddi istismar işləri həyata keçirilir”. Azərbaycanın ərazisində bu cür qaçaqmalçılıq yolu ilə təbii sərvətin istismarı qeyri-qanunidir və cinayət məsuliyyəti daşıyır. Buna görədir ki, artıq iki aydır azərbaycanlı fəallar bu cür iqtisadi və ekoloji terrora son qoyulması tələbi ilə Şuşa şəhəri yaxınlığında, “Laçın dəhlizi” üzərində etiraz aksiyası keçirir.
Ermənistanın nəinki Azərbaycanı, hətta bütün regionu hədələyən nüvə terrorizminin də həddi hüdudu yoxdur. Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev “Metsamor: Nüvə terrorunun yeni mənbəyi” məqaləsində qeyd edir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan hakimiyyətə gələndən az sonra Zaxqadzor (Dərəçiçək) qəsəbəsində keçirilən görüşdə ölkələrindəki atom elektrik stansiyasının yalnız iqtisadi deyil, siyasi baxımdan da əhəmiyyət daşıdığını elan edib, bunun regiondakı bütün dövlətlərin onlarla hesablaşmaları üçün yeganə vasitə olduğunu bildirib. Alim qeyd edir ki, 1979-cu ildə işə salınan stansiya cəmi on il ərzində 150-ə qədər kiçik qəza keçirib.
Akademiyanın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Metsamor” Atom Elektrik Stansiyası regionun ən böyük real təhlükə mənbəyidir” məqaləsində (https://science.gov.az/ru/news/open/16795) qeyd edir ki, Keçmiş SSRİ-də, o cümlədən Ermənistan SSR-də seysmik rayonlaşdırma xəritələrinin tərtibində determinist və genetik metodlardan istifadə olunurdu, yəni seysmik təhlükənin qiymətləndirilməsi zəlzələ kataloqlarında olan tarixi və instrumental yolla yazılmış zəlzələlərin əsasında aparılırdı. 1980-ci ildə tərtib olunmuş Ermənistan SSR ərazisinin seysmik rayonlaşdırma xəritəsində burada ehtimal olunan güclü zəlzələlərin əmələ gətirəcəyi seysmik təhlükə səviyyəsinə görə 12 ballı MSK-64 şkalası üzrə 7 ballı və 8 ballı zona ayrılmışdır. Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in inşasına bu xəritə tərtib olunandan çox öncə - 1973-cü ildə başlanmış və xəritə təsdiq olunandan əvvəl 1979-cu ildə istifadəyə verilmişdir. Bu isə onu göstərir ki, stansiya inşa olunarkən onun seysmik təhlükəyə dayanıqlığı ən yaxşı halda 12 ballı MSK-64 şkalası üzrə 8 bala hesablanmışdır. 1988-ci ildə Ermənistan SSR-in 1980-ci il seysmik rayonlaşdırma xəritəsində 7 bal seysmik təhlükə ilə səciyyələnən Spitak bölgəsində daha güclü 9-10 bal intensivlikli zəlzələ baş vermişdir. Spitak zəlzələləsi zamanı Yer səthində uzun məsafədə enli qırılma çatları əmələ gəlmiş, 25000-ə qədər insan həlak olmuşdur”.
Təbii fəlakətlər öz yerində, “Mesamor AES” heç də güvənilən texniki qurğu deyil. Hətta Ermənistanın özündə belə bu stansiyanın əhaliyə gətirdiyi bəlalar kifayət qədərdir. Ekspertlərin "Metsamor" AES-dən radiasiya sızması ilə bağlı aparılan araşdırmaları göstərir ki, stansiyadan insan sağlamlığını təhdid edən səviyyədə ətrafa nüvə axını var. İlkin araşdırmalar göstərib ki, "Metsamor"da 10 mikrosv/saat səviyyəsində nüvə sızıntıları var və bu da insan sağlamlığı üçün olduqca zərərli göstəricidir.
2021-ci ilin dekabrında Yaponiyanın “tokyo-np.co.jp” saytı Qafqaz regionu üçün böyük təhlükə mənbəyi hesab edilən Ermənistanın “Metsamor” atom elektrik stansiyası (AES) haqqında xüsusi məqalə yayıb. “Dünyanın ən təhlükəli atom elektrik stansiyası” adlı məqalədə neçə onillikdir ki, istifadə edilən bu böyük təhlükə mənbəyi barədə ətraflı məlumat verilir. Onun yüksək təhlükəli seysmik zonada yerləşdiyi və heç bir müdafiə sisteminə malik olmadığı xüsusi vurğulanır.
1988-ci ildən bu günə qədər isə AES-də 316 meqavatt gücündə olan ikinci blok həm havaya buraxdığı, həm də su soyutma sistemində olan tullantıları hava və çaylar vasitəsilə ölkəmizə axıtmaqla Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasətin həyata keçirir.
Ekspertlərin "Metsamor" AES-dən radiasiya sızması ilə bağlı aparılan araşdırmaları göstərir ki, stansiyadan insan sağlamlığını təhdid edən səviyyədə ətrafa nüvə axını var. İlkin araşdırmalar göstərib ki, "Metsamor"da 10 mikrosv/saat səviyyəsində nüvə sızıntıları var və bu da insan sağlamlığı üçün olduqca zərərli göstəricidir.
“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin həyata keçirdiyi “Ermənistandakı Metsamor AES-nin yarada biləcəyi fəsadlar və onların aradan qaldırılması yolları haqqında hesabat” adlı layihənin rezümesində deyilir: “Nəticə etibarı ilə üç Qafqaz ölkəsində (Azərbaycan, Ermənistan, Gürcüstan) tədqiqatlar aparılaraq Ermənistandakı Metsamor AES və onun törədə biləcəyi fəsadlar barədə önəmli məlumatlar toplamağa nail olundu. Ermənistanda əldə edilən rəy sorğuları göstərdi ki, sərt rejimin hökm sürdüyü bu ölkədə azad fikir söyləməyə qadir olan insanlar da var. Məhz biz virtual araşdırmalarımızla elə insanların hesabına öyrənə bildik ki, Ermənistanda Metsamor AES-nın fəsadları artıq neçə illərdən bəri özünü büruzə verməyə başlayıb”.
Ermənistanın “Armeniya Now.com” saytında 28 aprel 2006-cı ildə dərc edilən “Narahatlıqlar: Metsamor atom elektrik stansiyası işçiləri təhlükə qarşısındadırlar” adlı məqalədə stansiyada çalışan fəhlələrin və ərazidə yaşayan digər vətəndaşların necə radisiyaya məruz qaldıqlarını, sadə vətəndaşların radiasiya nəticəsində necə ömürlük əmək qabiliyyətlərini itirmələrindən, əlil olmalarından yazılıb: “Metsamor AES-də fəhlə kimi çalışan Sergey Qriqoryan deyir ki “pilləkənləri qalxa bilmirəm, çıxanda tənginəfəs oluram. Hava soyuq olsa da, orqanizmimdə tələbat olmadan soyuq su içirəm”.
Maqda Qriqoryan adlı bir qadın deyir: - Mənim ərim stansiyada işləyirdi indi nəfəs ala bilmir, boğulur, daim boğazının göynəməsindən şikayət edir.
1986 - cı ildən Metsamor AES - də fəhlə işləyən Maqda Qriqoryan, A.Qasparyan, Surik Şirvanyan radioktiv metal tozundan zəhərləniblər. Onlar uranı sərinlədən su borularını çilalayırmışlar, bu fəaliyyət nəticəsində onların ciyərlərinə ağır metal daxil olub.
Hadisədən 6 il sonra onlar Moskvada 6 saylı ixtisaslaşmış klinikaya müainəyə göndəriliblər, onların xəstəliklərinə “Kobalt- 60, radioaktiv elementlərin təsiri” dioqnozu qoyulub. Bu xəstəlikdən Surik Şirvanyan 34 yaşında dünyasını dəyişib. M.Qriqoryan və A.Qasparyan 1992-ci ildən əlildirlər. Həmin məqalədə bildirilir ki, həkim toksikoloq Lev Petroşeviç Arteşev şüalanmanın insan orqanizminə təsiri haqqında belə deyir: yüksək şüalanmaya məruz qalan insan bədəni böyük həcmdə enerji qəbuluna məruz qalır ki bu da bədəndə biokimyəvi proseslərin pozulmasına səbəb olur. İnsanda baş ağrıları, öskürək, boğaz ağrıları və toxumalarda dəyişikliklər başlayır. Şüalanma xəstəliyi kompleks kimyəvi proseslərlə davam edir.
Stansiya rəhbərliyi Metsamor AES-in 7 kilometrlik ərazisində yetişən çiyələk və tut meyvəsinin vətəndaşlar tərəfindən istifadə olunmasına qadağa qoyub. Guman edilir ki adları çəkilən bitkilər şüalanmaya daha həssas olduqlarından onların istifadəsi insan bədənində şüalanmanın miqdarını artırar, bu isə insan həyatı üçün təhlükə yarada bilər.
Təbii ki, o qədər də etibarlı işləməyən Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir. Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Metsamor Atom Stansiyası İrəvan şəhərindən 28 km, Türkiyə və İrandan 16 – 60 km, Gürcüstan və Azərbaycandan 120 – 150 km məsafədə yerləşir. Bu məsafə radiasiyanın yayılma sürəti ilə nisbətdə olduqca kiçikdir. Yəni, qəza baş verəcəyi təqdirdə onun törədəcəyi fəsadlardan qaçmaq mümkün deyil. Bu isə yüz minlərlə, bəlkə də milyonlarla insanın ölümlə üz-üzə qalması deməkdir.
2004-cü ildə Avropa İttifaqı “Metsamor” nüvə stansiyasının bütün bölgə üçün təhlükə törətdiyini ifadə edərək Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, Ermənistan tərəfi bu təkliflə razılaşmamışdı. https://qafqazinfo.az/news/detail/pasinyan-rusiyadan-ermenistanda-ikinci-aes-tikmesini-isteyir-319693.
Bütün bu sadalanan faktlar və mülahizələr Ermənistanın təcavüzkar dövlət və Cənubi Qafqazda sülhün ən qatı düşməni olduğunu sübut edir. Ona görə də azərbaycanlı ekofəallar Laçın – Xankəndi yolunda davamlı aksiyalar keçirir, dünya birliyinin diqqətini Ermənistan rejiminin ekocinayətlərinə yönəltməyə, Azərbaycanın Qarabağ bölgəsinin müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazisində ermənilərin qanunsuz hərəkətlətinə son qoyulmasına çalışır. Azərbaycanlı ictimai fəallar bu aksiya ilə Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərində rəsmi Bakının hakimiyyətinin bərpa olunması, qanunsuz istismar fəaliyyətinin dayandırılması, ekoloji cinayətlərin qarşısının alınması, həmin ərazilərdə azərbaycanlı mütəxəssislərin sərbəst hərəkətlərinin təmin edilməsi tələblərini irəli sürür.
AzVP-nin İnformasiya və təhlil mərkəzi