Ötən gün paytaxtın Ziya Bünyadov prospektində baş verən qəzada yaralananların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə 5 nəfər yerləşdirilib.
Rəsmi məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib: “Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar.
Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”.
Qeyd edək ki, fevralın 24-də saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.