“Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də qəfil və sirli olmayıb”.
“Sitat.info” xəbər verir ki, bu barədə millət vəkili, tanınmış ürək və damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.
O, Hacı Şahinin son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığı tibbi məlumatları bölüşüb: “Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016-cı ildən) dəfələrlə ürək şikayətləri ilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində də bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (kəskin koronar sindrom) xəstəxanaya yatmasının vacibliyi bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponin dəyəri normadan yüksək çıxıb”.